Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib və ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprelə qədər uzadılmasına qərar verilib. Həmçinin ölkəmizdə xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvardan yumşaldılması qərara alınıb. 18 yanvardan SMS icazə ləğv olunub, 25 fevraldan salonlar, muzeylər, 1 fevraldan isə ictimai iaşə obyektləri açılır. Hətta bu tarixdən məktəbəqədər təhsil alan və ibtidai sinifdə oxuyan şagirdlər təhsil ocaqlarına yollana biləcəklər. Həyat tərzimiz, demək olar ki, yavaş-yavaş axarına düşür. Lakin bizi narahat edən əsas məqam yumşalmadan sonra xəstəliyin yoluxma nisbətinin yenidən artma təhlükəsidir. Çünki biz bunu bir dəfə yaşamışıq. Yoluxmaların səbəbi kimi isə daha çox sıxlıq mənbəyi olan avtobuslar göstərilir. Metronun hələ fəaliyyətə başlamaması, avtobuslardakı narahatedici vəziyyəti yenidən gündəmə gətirir. Avtobuslardakı sıxlığı aradan qaldırmaq mümkün deyilsə, yəni əsas yoluxma səbəbi zərərsizləşdirilmirsə, yumşalma tədbirlərinin əhəmiyyəti olacaqmı?
Həkim infeksionist Mərdan Əliyevdeyir ki, vəziyyət müsbətə doğru dəyişib. Həmsöhbətimizin sözlərinə görə, karantin qaydalarının yumşaldılması problem yaratmamalıdır: "Artıq əhalinin böyük qismi COVİD-19 xəstəliyinə yoluxub və sağalıb. Yəni əhalinin bir qismində təbii immunizasiya baş verib. Nəzərə alsaq ki, bu xəstəliyə yoluxan şəxs ən azı 6 ay – 1 il ərzində yenidən yoluxmur, yoluxanların sayında əvvəlki müddətə nisbətən azalma olmalıdır. Yəni insanların böyük bir qismi artıq bu xəstəliyə yoluxub və bundan sonra biz əvvəlki kimi yüksək sayda yoluxma gözləmirik”.
Həkim deyir ki, vəziyyət stabilləşdiyi üçün karantin rejiminin yumşaldılmasına artıq ehtiyac var idi: "İctimai nəqliyyatla bağlı isə onu demək istərdim ki, bu problem pandemiyanın əvvəlindən mövcuddur və onun öhdəsindən gəlmək mümkün olmayıb. Buna səbəb odur ki, istənilən halda, insanlar avtobuslardan günün pik saatlarında daha çox istifadə edir və burada sosial məsafəni gözləmək, demək olar ki, mümkün deyil. Ən yaxşı halda maska taxmaq, hətta iki tibbi maskadan istifadə etmək olar. Həmçinin tutacaqdan istifadə etdikdən sonra mütləq əlləri yumaq və ya dezinfeksiya etmək lazımdır. Metro isə avtobuslarla müqayisədə daha təhlükəlidir. Çünki metro yeraltı nəqliyyat vasitəsidir və oraya gün işığı düşmür. Buna görə də, metroda yoluxucu xəstəliklərin yayılmasına daha böyük ehtimal və şərait var. Virus və bakteriyalar metroda daha böyük sürətlə yayılır və bu səbəbdən metronun hələ ki, bağlı qalmasında fayda var”.
Millət vəkili Elman Nəsirov deyir ki, ölkəmizdə pandemiya bəlasından xilas olmaq üçün lazım olan bütün addımlar yüksək səviyyədə atılır: "Pandemiyaya qarşı mübarizə prosesində istər dünyada, istərsə də ölkəmizdə çox ciddi addımlar atılmaqdadır. Məsələn, bu ilin may ayında "Böyük 20-lik” və Avropa ittifaqının təşəbbüsü ilə pandemiyaya qarşı mübarizədə vaksinləmə məsələləri, peyvəndin tətbiqi və bu bəlaya birdəfəlik son qoyulması ilə bağlı böyük bir sammitin keçirilməsi nəzərdə tutulub. Həmçinin, artıq beynəlxalq kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən, dünya əhalisinin cəmi 13 faizini təşkil edən Avropa ölkələri bütün peyvəndlərin 51 faizini artıq əldə edib. Digər yayılmış məlumata görə, əhalisi təxminən 9 milyon olan İsrail dövləti artıqlanması ilə bu peyvəndi əldə edib və peyvəndləmə prosesinə başlayıb. Ölkəmizdə də bu prosesə artıq start verilib, bu barədə milli strategiya də qəbul edilib. Xüsusi ilə qeyd etmək istərdim ki, Azərbaycanda bu proses çox yüksək səviyyədə təşkil olunub. İndiyə qədər birbaşa pandemiyaya qarşı mübarizə prosesinə 644 milyon manat vəsait xərclənib. 2021-ci ilin büdcəsində isə birbaşa olaraq bu bəla ilə mübarizəyə 261 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Pandemiyanın vurduğu iqtisadi ziyanın aradan qaldırılmasına indiyə qədər 2.5 milyard manat vəsait xərclənib. Həmçinin 4 dəfə 190 manat məbləğində işsiz və müvəqqəti işini itirmiş insanlara vəsait ödənilib, bu da 450 milyon manat deməkdir. Yəni bütün addımlar atılır ki, bu pandemiya bəlasının birdəfəlik məhv olub getməsinə nail olunsun. Lakin bu proses düz xətt üzrə getmir, ziqzaqvari bir prosesdir”.
Millət vəkilinin sözlərinə görə, metronun açılıb-açılmaması ciddi şəkildə, ekspert səviyyəsində müzakirə edilməlidir: "Sağalan insanların sayı yoluxan insanların sayını üstələyəndə, müəyyən yumşalma tədbirlərinə əl atılır. Yanvar ayının 18-dən artıq bu istiqamətdə yumşalma tədbirləri həyata keçirilib. Növbəti yumşalma yanvarın 25-i baş verəcək, fevral ayının 1-dən isə daha ciddi yumşalma tədbirləri gözlənilir. Lakin indi sosial şəbəkələrdə daha çox müzakirə olunan, insanları narahat edən məsələlərdən biri metronun işə düşməsi ilə bağlıdır və bunun ciddi tərəfdarları və ciddi əleyhdarları da var. Belə fikirlər səslənir ki, metro işə başlamasa və yumşalma tədbirləri genişləndikcə insanların avtobuslardan istifadə əmsalı da artır. Nəticədə avtobus çatışmazlığı meydana gəlir. Paralel şəkildə də insanların avtobuslarda sıx dayanması xəstəliyin yayılmasına şərait yarada bilər. Eyni zamanda mülahizələr var ki, metro işə salınsa, bu, bir yandan insanların daşınmasını yüngülləşdirəcək, digər tərəfdən yerin altında yerləşən qapalı bir sahədə bu xəstəliyə tutulma ehtimalı daha böyükdür. Göründüyü kimi, bir-birini təkzib edən fərqli yanaşmalar mövcuddur. Mənim bu məsələ ilə bağlı mövqeyim belədir ki, bu məsələ çox ciddi ekspert səviyyəsində araşdırılmalıdır. Fevral ayının 1-dən başlayaraq yoluxma faizinin kəskin şəkildə aşağı düşəcəyi və eyni zamanda peyvəndləmə prosesinin ciddi uğurlar qazanacağı təqdirdə, hesab edirəm ki, metronun işə salınması məsələsi aktuallaşa bilər. Yəni yeraltı nəqliyyat vasitəsindən istifadə edilməsi peyvəndlənmə prosesində əldə edilmiş uğurlardan birbaşa asılı olacaq və eyni zamanda yoluxma faizinin kəskin aşağı düşməsi buna imkan verə bilər. İstənilən halda, avtobuslarda da insanlar maskadan çox ciddi şəkildə istifadə etməlidirlər. Başa düşüləndir ki, sıxlığı nəzərə alsaq, insanlar üçün avtobusda sosial məsafəni qorumaq çətin olur, amma buna baxmayaraq, mən şəxsən şahid olmuşam ki, bəzi insanlar hətta 2 maskadan istifadə edirlər, bu da, mənim fikrimcə, onları daha yaxşı qoruya bilər. Yəni sosial məsafənin saxlanması mümkün olmadığı halda, məncə, eyni vaxtda iki maskanın taxılması daha məqsədəuyğun ola bilər”.
Yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı peyvəndləmə işlərinə start verilib. Vaksinasiyanın başlanması isə hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil. Bundan sonra da hər kəs karantin rejiminin tələblərinə əməl etməli, sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadəyə davam etməlidir. Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsinə və onların sağlamlığının qorunmasına xidmət edir.//Kaspi.az
Bölməyə aid digər xəbərlər