Sinqapurlu alimlər istənilən qoruyucu maskaya quraşdırıla və COVID-19-a yoluxma əlamətlərini qeydə ala bilən xüsusi ötürücülər sistemi hazırlayıblar.
GununNebzi.az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislər bədənin hərarəti, qanın oksigenlə zənginliyi, alternativ təzyiq və ürək döyüntüsünün tezliyi barədə məlumatları toplaya bilən "monitorinq sistemi" qurub. Bu göstəricilər əsasında koronavirusa yoluxma barədə məlumat almaq mümkündür.
"COVID-19 xəstələri izolyasiya olunmuş palataya yerləşdirildikdən sonra tibbi işçiləri hər 30 dəqiqədən bir onların temperatur və qanda oksigenin miqdarı göstəricilərini ölçmək məcburiyyətində qalır. Bu səbəbdən koronavirusla mübarizənin ön cərgələrində dayanan tibb işçilərinə kömək etmək və onların qarşılaşdığı riskləri azaltmaq qərarına gəldik", - deyə professor Lo Syan Tzyun bildirib.
Mütəxəssislərin hazırladığı sistem üzəri polimer materialla örtülmüş ötürücülərdən ibarətdir. Həmin material elastik və suya davamlıdır. Sistemə, həmçinin məlumatları real zamanda smartfona ötürəcək "Bluetooth" quraşdırılıb. Onu birdəfəlik və ya çox istifadəli maskalara quraşdırmaq olar. Nəzəri olaraq ötürücülərin quraşdırıldığı maskaları yuyaraq yenidən istifadə etmək mümkündür.
Tədqiqatçılar sentyabrın sonlarında sistemi sınaqdan keçirməyi və bazara çıxarmağı planlaşdırır. Onun bir ədədinin laboratoriya istehsalı təxminən 36,5 dollara, kütləvi istehsalı isə təxminən 14,6 dollara başa gələcək.
Bölməyə aid digər xəbərlər