23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Xaricdə təhsil alan tibb və əczaçılıq işçilərinin nəzərinə

Xaricdə təhsil alan tibb və əczaçılıq işçilərinin nəzərinə

Səhiyyə Nazirliyinin Kollegiyası xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsinə dair bəzi tədbirlər haqqında qərar qəbul edib.

GununNebzi.az
xəbər verir ki, qərara əsasən “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsi qaydası” təsdiq edilib.

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə tapşırılıb ki, Səhiyyə Nazirliyinin rəsmi internet saytında namizədlərin elektron ərizələrinin qəbulu üçün elektron xidmətin yaradılmasını təmin etsin.

Qaydalara əsasən, imtahanda iştirak etmək üçün namizəd 15 iş günü müddətində Səhiyyə Nazirliyinin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni dolduraraq təsdiq etməlidir. Ərizələrin qəbulu zamanı namizədlər imtahandan keçdikdən sonra Nazirlik tərəfindən müəyyən edilən dövlət tibb müəssisələrində 1 il müddətində əmək fəaliyyəti ilə məşğul olacağı barədə məlumatlandırılacaqlar. Bu namizədlər elektron ərizəni təsdiq etdikləri andan qeyd edilmiş öhdəliyə razılıq vermiş hesab olunacaqlar.

İmtahan sualları iki hissəyə (test və klinik tapşırıq) bölünür və üç mürəkkəblik dərəcəsi üzrə tərtib ediləcək. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə ediləcək sualların sayından azı 10 (on) dəfə çox olmalıdır. Test hissəsi informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan və 100 (yüz) sualdan ibarət olan sual vərəqəsində qeyd olunacaq. Klinik tapşırıq hissəsi peşə bacarıqlarını müəyyən edən 10 (on) klinik tapşırıqdan ibarət olacaq və sual vərəqəsində qeyd olunacaq.

İmtahan üç saat müddətində keçiriləcək. İmtahan suallarının test hissəsi üzrə hər bir suala düzgün cavab bir balla qiymətləndirilir (cəmi 100 mümkün bal). Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulacaq və düzgün cavablara təsir göstərməyəcək. Klinik tapşırıq hissəsi üzrə hər klinik tapşırığın hər bir sualına düzgün cavab 1 (bir) balla qiymətləndiriləcək və sonra hər bir tapşırıq üzrə verilən ballar toplanılacaq (cəmi 50 mümkün bal).

İmtahan suallarının test hissəsi üzrə 70 və daha çox, klinik tapşırıq hissəsi üzrə isə 35 və daha çox bal toplamış şəxslər imtahandan keçmiş hesab olunacaqlar. İmtahanla bağlı sənədlər 3 il müddətində qüvvədə olacaq.

Tarix: 14-06-2022, 19:22 Oxunub: 80


Bölməyə aid digər xəbərlər