23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Nazirdən Qarabağa qayıdışla bağlı AÇIQLAMA

Nazirdən Qarabağa qayıdışla bağlı AÇIQLAMA“BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən 2021-ci il Beynəlxalq Sülh və Etimad İli elan edilib. Bu il Azərbaycan üçün əlamətdar olacaq, belə ki, ölkəmiz ərazilərinin təxminən 30 il davam edən işğaldan azad olunmasından sonra münaqişə-sonrası bərpa və reabilitasiya mərhələsinə qədəm qoyur”.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı deyib.

O bildirib ki, 30 ilə yaxın dövr ərzində münaqişənin siyasi yolla tənzimlənməsi prosesindən, habelə Azərbaycanın bu prosesə sadiqliyindən öz məqsədləri üçün istifadə edən Ermənistan Azərbaycan torpaqlarını ilhaq etmək məqsədilə onların işğalının nəticələrinin möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər görmüşdür: “Bu xüsusda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşdırma aparılıb, tarixi və mədəni irs dağıdılmış və soyğuna məruz qoyulub, təbii ehtiyatlar qeyri-qanuni istismar edilib, ictimai və özəl mülkiyyət mənimsənilib. İşğalın davam etdiyi illər ərzində Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə, habelə, mədəni irsinə və infrastrukturuna qarşı ağır cinayətlər silsiləsi törədilib. Ermənistan tərəfindən Azərbaycana qarşı 27 sentyabr 2020-ci il tarixində başlamış son təcavüz istisna olmayıb. Həmin təcavüz Azərbaycanın mülki əhalisini təşvişə salmaq məqsədilə müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər ciddi beynəlxalq humanitar hüquq pozuntuları ilə müşayiət olunub. Bu məqsədlə Ermənistan məqsədli şəkildə Azərbaycanın münaqişə bölgəsindən uzaqda yerləşən mülki əhalinin sıx məskunlaşdığı ərazilərinə hücum törədib, nəticədə 101 mülki şəxs həlak olub, 400-dən çox insan ağır yaralanıb. Bundan əlavə, Ermənistan hərbçilərinin Azərbaycanlı əsirlərin hüquqlarını pozduğu, o cümlədən alçaltma və nalayiq rəftar, onlara qarşı fiziki zor tətbiqi, söyüş, başlarının kəsilməsi, cəsədlərlə pis rəftar tətbiq etdikləri barədə çoxsaylı təkzibedilməz faktlar mövcuddur. Azərbaycan müvafiq ikitərəfli və çoxtərəfli mexanizmlər çərçivəsində öz hüquqlarından istifadə edərək bu cinayətləri törədənləri ədalət mühakiməsi qarşısına çıxarmaq üçün bütün tədbirləri görməyə qərarlıdır”.

Nazir qeyd edib ki, yuxarıda göstərilən əməllərini ört-basdır etməyə cəhd edən Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün Azərbaycanı eyni cinayətlərdə ittiham edir və bu məqsədlə yalan xəbərlərlə dolu kütləvi kampaniya həyata keçirir: “BMT-nin insan hüquqları mexanizmləri, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarın Ofisi, müqavilə qurumları və mandat daşıyıcıları da Ermənistanın bu saxta təbliğatına məruz qalıb. Azərbaycan torpaqlarının işğaldan azad olunması yüz minlərlə köçkünün öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtma hüququnun icrasına şərait yaradır. Bununla yanaşı, münaqişədən zərər çəkmiş ərazilərdə ictimai və özəl mülkiyyətin, zəruri mülki infrastukturun, o cümlədən təhsil və tibb müəssisələrinin, habelə, tarixi və mədəni irsin və ətraf mühitin məruz qaldığı ziyan və dağıntıların görünməmiş miqyası bu ərazilərin bərpası və yenidən qurulması üçün Azərbaycan Hökuməti qarşısında böyük vəzifə qoyur. Hökumət artıq köçkün əhalinin təhlükəsiz və ləyaqətli qayıdışını və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində dinc birgəyaşayışı təmin etmək üçün praktiki tədbirlərə başlayıb”.


Tarix: 22-02-2021, 19:14 Oxunub: 136


Bölməyə aid digər xəbərlər