Cari il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlamasından sonra Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının və Senatın sədrlərinə erməni təcavüzünün və işğalının qətiyyətlə pislənilməsi və Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi ilə bağlı müraciət edib.
GununNebzi.az xəbər verir ki, oktyabrın 28-də bu müraciətə cavab olaraq Pakistan İslam Respublikası Milli Assambleyasının plenar iclasında Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə və Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən qətnamə qəbul edilib. Qətnamə millət vəkili, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənib.
Bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının Sədri Əsəd Qeysərə məktub ünvanlayıb.
Milli Məclisin spikeri məktubda Azərbaycan Respublikası Milli Məclisinin bütün üzvləri və öz adından başda Əsəd Qeysər olmaqla Pakistan Milli Assambleyasının bütün üzvlərinə dərin təşəkkürünü bildirərək, Pakistan parlamentinin belə bir qətmanə qəbul etməsini yüksək qiymətləndirib, ədalətin təntənəsi olan bu təşəbbüsün reallaşmasını alqışlayıb.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Pakistan İslam Respublikası ilə mövcud sıx əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinə mühüm əhəmiyyət verir. Bildirilib ki, ölkələrimizin parlamentləri arasında əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi xalqlarımız arasında münasibətlərin hərtərəfli inkişafına xidmət edəcəkdir: “Pakistan İslam Respublikası xalqımızı narahat edən məsələlərdə daimi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bu mənada, 27 sentyabr tarixindən etibarən Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü ilə bağlı qardaş Pakistanın ortaya qoyduğu qətiyyətli mövqe xüsusi vurğulana bilər. Pakistan Milli Assambleyasının qəbul etdiyi sonuncu qətnamə də Azərbaycan Respublikasının erməni təcavüzünə qarşı həyata keçirdiyi və ərazi bütövlüyünün bərpa edilməsinə yönəlmiş əks-hücum əməliyyatına mühüm bir dəstəkdir”.
“Müasir beynəlxalq münasibətlərdə parlament diplomatiyasının artan rolunu nəzərə alaraq hesab edirik ki, Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə və Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən qətnamə bu təcavüzün aradan qaldırılmasında parlament meyarının tətbiq olunması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə məktubda qeyd olunur.
Bölməyə aid digər xəbərlər