gununnebzi.az Fərdi müdafiə vasitələrindən istifadə qaydalarına görə, tənəffüs yollarını qoruyan vasitələr, eləcə də tibb işçiləri üçün təyin edilən xüsusi geyimlər dörd saatdan bir dəyişdirilməlidir.
Bu barədə məlumat Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin “İnsanlar arasında koronavirusların profilaktikası, diaqnostikası və müalicəsinə dair” hazırladığı təlimatlarda əks olunub.
Qeyd olunub ki, istifadə olunmuş materialları təyin olunmuş qaydada zərərsizləşdirmək, iş səthlərinin və xəstənin bioloji mayelərinin dezinfeksiyasını tərkibində xlor olan vasitələrlə aparmaq lazımdır.
Belə ki, xəstəxananın tibbi heyəti tibbi maskaları hər dörd saatdan bir, sutka ərzində altı ədəd, xəstələr hər iki saatdan bir, sutka ərzində 12 ədəd dəyişdirməlidirlər. Həmçinin bildirilir ki, laboratoriya personalı respiratorları (N95, FFP-3) hər dörd saatdan bir, iş günü ərzində iki ədəd, xəstələrlə sıx təmasda olan tibb heyəti respiratorları (N95, FFP-3) hər iki saatdan bir, sutka ərzində 12 ədəd olmaqla tənəffüs yollarını qoruyan vasitələri dəyişdirməlidirlər.
Tibb işçiləri üçün xüsusi geyimlər də müvafiq qaydada tənzimlənməlidir. Belə ki, tibb işçilərinə verilən birdəfəlik geyimlər hər dörd saatdan bir, sutka ərzində altı dəfə, laboratoriya personalı üçün birdəfəlik geyim, ikiqat əlcək, eynəklər hər dörd saatdan bir, iş günü ərzində iki dəfə, xəstələrlə sıx təmasda olan tibb heyətinə verilən birdəfəlik geyim, ikiqat əlcək, eynək isə hər xəstəni müayinə etdikdən sonra dəyişdirilməlidir.
Bölməyə aid digər xəbərlər