Qadının keçmiş həyat yoldaşı tərəfindən traktora bağlanılaraq yandırılması səthi yanaşılacaq hadisə deyil. Cəmiyyət isə bu hadisəni qəzəblə qarşıladı. Biz də öz növbəmizdə məsələnin psixoloji tərəflərini öyrənməyə çalışdıq.
“Bu cinayət həm psixoloji, həm də fizioloji pozuntudur”.
Bunu açıqlamasında hadisəni analiz edən psixoloq Fuad Əsədov bildirdi.
Psixoloq bu tip cinayətlər törədən şəxslərin islah edilmə prosesinin çətin olduğunu vurğuladı. Cinayətin yaranmasına təkan verən nüansları isə belə izah etdi:
“Bir insan başqa birini bu cür qəddarlıqla cəzalandırırsa, burada heç bir nifrətdən və ya günah-cəza münasibətindən söhbət gedə bilməz. Hesab edirəm ki, heç bir günah bu qədər ağır cəzaya layiq deyil və qətiyyətlə qəbuledilməzdir. Bu hadisə tipik anti-sosial şəxsiyyət pozuntusu olan insanlarda özünü büruzə verir. Bu insanlar öz düşüncələri, maraqları, prinsipləri və özləri ilə bağlı digər nüanslar üçün başqalarını görməzdən gələ, onlara ziyan verə bilərlər. Burada artıq heç bir mənəvi dəyərlər, vicdan və s. kimi məsələlər rol oynamır. Onlar üçün etdikləri cinayətlər normaldır. Yəni təsəvvür edin ki, kimisə yandırırsınız və o ağlamağa başlayır, qışqırır, kömək istəyir, əzab çəkir və bütün prosesi siz başladırsınız. Üstəlik davam etdiyi müddətdə kənardan baxırsınız. Normal insanda acımaq, emosional empatiya qurmaq, yazığı gəlmək kimi duyğular ön plana keçdiyindən belə bir şeyi əsla etməz. Bunu ancaq empatiya qabiliyyəti olmayan biri edə bilər.
F.Əsədov əlavə etdi ki, bu tip əməllər törədən şəxslərin reabilitasiyası istiqamətində ciddi araşdırma və işlər gedir:
“Əminəm ki, həmin insanın beyni maqnit rezonans tomoqrafiya edilsə, konkret olaraq onun amiqdalasında, limbik sistemində və başqa beyin bölgələrində pozuntunun olduğunu görəcəyik. Məsələn, insanın yazığı gəlmək duyğusunu güzgü neyron dediyimiz neyron qrupları formalaşdırır. Deməli fərddə güzgü neyronları düzgün işləmir ki, belə bir cinayət törədir. Bu, psixolojidən əlavə, həm də fizioloji pozuntudur. Dediyim nüans bütün silsilə qatillər, ağır cinayətlər törədən insanlar üçün keçərlidir. Bunun müalicəsi çox təəssüf ki, yoxdur. Müəyyən qədər təsir etmək, qabaqlayıcı tədbirlər görmək olar. Amma bu insanları müalicə və ya islah etmək mümkün deyil. Hazırkı prosesdə əlimizdə kifayət qədər təsirli nailiyyət yoxdur”.
Bölməyə aid digər xəbərlər