Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirusla mübarizə ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı işlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər daha da genişləndirilib.
GununNebzi.az xəbər verir ki, bu tədbirlər çərçivəsində avqustun 1-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə növbəti - doqquzuncu əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.
Gün ərzində mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə ediləcək maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdar ediliblər. Hər dəfə olduğu kimi, bu dəfə də Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə gün ərzində davam edəcək bu dezinfeksiya işlərində yaxından iştirak edir.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərini davam etdirirlər.
Dezinfeksiya işlərinin kütləviliyi nəzərə alınaraq kommunal xidmətlərin işçiləri lazımi qoruyucu geyim, maska, eynək və digər vasitələr, eləcə də yeni dezinfeksiyaedici aparatlarla təmin ediliblər.
Qeyd edək ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.
Bölməyə aid digər xəbərlər