Səhiyyə naziri Teymur Musayev son vaxtlar Azərbaycanda diplomsuz plastik cərrahlarla bağlı yayılan məlumatlara aydınlıq gətirib.
GununNebzi.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında həmin həkimlərlə bağlı araşdırma aparıldığını bildirib: “Onların təhsili, iş fəaliyyəti barədə araşdırma aparılır. Bu adamlar cinayət işlədir. Onların əməlinə hüquqi qiymət veriləcək.
Bu yalnız plastik cərrahların səlahiyyətində olmayıb. Bu istiqamətdə Baş Prokurorluqla danışıqlar aparılıb. Yaxın vaxtlarda açıqlama veriləcək”.
Nazir artıq tibbi kadrların vahid idarəetməsi ilə bağlı sənədin hazırlandığını açıqlayıb. O qeyd edib ki, sözügedən sənəd bəhs olunan problemlərin həlli üçün hazırlanıb və yaxın vaxtlarda elan ediləcək.
“Ümumiyyətlə, səhiyyə sahəsində islahatlar davam edəcək. Araşdırma nəticəsində məlum olub ki, heç bir tibbi təhsili olmayan şəxslər sosial şəbəkələr vasitəsilə iş görüblər. Baş Prokurorluğun işçi qrupu Səhiyyə Nazirliyi ilə birgə layihə hazırlayıb. Qənirə Ataşovanın araşdırmasından sonra bu məsələlər nəzarətə götürülüb. Hər bir əmələ hüquqi qiymət veriləcək”, - nazir vurğulayıb.
Bölməyə aid digər xəbərlər