Penitensiar Xidmət həbsdə olan müsavatçı Tofiq Yaqublu ilə bağlı məlumat yayıb.
GununNebzi.az bildirir ki, məlumatda deyilir:
“Məhkəmənin qərarı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu saxlanıldığı 3 saylı istintaq təcridxanasında qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunmuş, hüquqları məhdudlaşdırılmamış, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşmüş və telefon vasitəsilə əlaqə saxlamışdır.
T.Yaqublu məhkəmə qərarına etiraz olaraq qida qəbulundan imtina etdiyini bəyan etmiş, vəkilləri isə hökmdən apellyasiya şikayətləri vermişlər.
Onunla müvafiq izahedici söhbətlər aparılmış, həmçinin İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilmiş və ona səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilmişdir. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılmışdır.
Bununla belə, onun səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilmiş, səhhəti stabil olmuşdir. Eyni zamanda xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılmışdır.
Adil Qeybulla müayinənin və müalicənin daha rahat və əlçatan olması üçün çalışdığı “City Hospital”a T.Yaqublunun köçürülməsi ilə bağlı müraciət etmişdir.
T.Yaqublunun səhhətinə qayğı ilə həssas yanaşılaraq və humanizm nümayiş etdirilərək o, mülki xəstəxanaya – “City Hospital”a köçürülmüşdür.
A.Qeybullanın KİV nümayəndələrinə açıqlamasında bildirdiyi kimi, T.Yaqublunun müayinəsi və müalicəsi bilavasitə onun həkim nəzarəti altında “City Hospital”da davam etdiriləcək”.
Bölməyə aid digər xəbərlər