Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin imzaladığı birgə bəyanatla Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Bu, illərdir azərbaycanlılarda formalaşan sülhməramlı xofunun yenidən baş qaldırmasına, insanlarımızda anlaşılan narazılığa səbəb olur.
Reallıq bundan ibarətdir ki, Dağlıq Qarabağ müharibəsinin başa çatması ilə bölgədə yeni düzən formalaşır. Bəs illərdir ki, saflığı, qonaqpərvərliyi, sadiqliyi üzündən düşməndən xəyanət, namərdlik görən azərbaycanlılar yeni düzəndə necə davranmalıdır?
gununnebzi.az xəbər verir ki, bu barədə Modern.az-ın mövzu ilə bağlı suallarını Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc cavablandırıb.
“Ali Baş Komandan nəyi, necə və nə vaxt edəcəyini bilir”
Z.Oruc bildirib ki, hərbi, mənəvi, siyasi zəfərə Ali Baş Komandanımız, müzəffər ordumuz və xalqımızla birgə, eləcə də qardaş Türkiyənin mənəvi, siyasi, diplomatik yardımı ilə gəlib çatdıq:
“Diplomatik-siyasi savaşın yeni mərhələsində də bu xətt üzrə hərəkət etməliyik. Biz ordumuzun uğurunu siyasi məkanda davam etdirməyi bacarmalıyıq. Ən mühüm məsələ Ali Baş Komandanımızın “mən nəyi, necə və nə zaman etməyi çox yaxşı bilirəm” mesajı bizə hər şeyi deyir. Bu üçlü model bizim milli proqramımzıdır, bizim gələcəyə yol xəritəmizdir.
Bu o deməkdir ki, bəyanatın müddəları arasında müxtəlif sualları axtararkən həmişə onu əsas götürməliyik ki, biz bu savaşda düşmənin dililə gerçəkləri gizlətmədən, “bizim 2-3 günlük resursumuz qalmışdı”, “nəinki Xankəndini, Ağdərəni, Xocavəndi itirirdik”, yaxud “generallar, hərbi mövqeyinizi qoyub gəldiniz, indi məndən istefa tələb edirsiniz!” kimi çalxalanmaları görüb qiymət verməyi bacarmalıyıq”.
“Rusiya Qafqazda yeni imic formalaşdırır”
Sülhməramlı qüvvələrlə bağlı məsələyə gəldikdə, deputat qeyd edib ki, bunun həssaslıqla qarşılanmasının köklü tarixi səbəbləri var:
“Təəssüflər olsun ki, 1990-cı illərdə sovetlər birliyinin, eləcə də demokratik libasda gələn və faktiki olaraq, sovetlər birliyinin məramını təkrarlayan Rusiyanın o dövrkü başçısı Yeltsinin, o cümlədən hökumət nümayəndələrinin torpaqlarımızın işğalındakı addımları qeyd etdiyiniz tərəddüdlərin, yaxud hansısa sualların meydana gəlməsində rol oynadı. Amma biz yenə də dövlət başçımızın mövqeyinə əsaslanmalıyıq. Digər yandan, son iki gündə Türkiyə rəhbərlərinin leksikonunda Moskvanın mövqeyinə müsbət qiymət verilməsi, 45 gün ərzində müxtəlif Qərb dövlətlərinin, həm media strukturlarının fəaliyyətindən fərqli davranışlar seçilməsi bunu deməyə əsas verir.
Bu, Rusiya rəhbərliyinin 1990-cı illərdəki Azərbaycan əleyhinə olan siyasətindən fərqlənir. Bu illər ərzində anti-Moskva siyasəti yürütməməyimiz, əksinə, yaxın dostluq, tərəfdaşlıq, onlarla strateji platformalarda birlik, hərbi meydanda da Ermənistanın, onların lobbi nümayəndələrinin təfriqələrə, Putinə təsir üçün əl atdıqları vasitələrə baxmayaraq, onlar rus əsgərinin Qarabağ savaşında əleyhimizə döyüşməsinə imkan vermədilər. Gedişat göstərir ki, Rusiya Qafqazda fərqli imicdə olmaqda maraqlıdır”.
“Azərbaycan dövləti qalibiyyətini sona qədər saxlayacaq”
Komitə sədri vətəndaşlara çağırış xarakterli müraciət də edib:
“Sülhməramlı dəstənin tərkibi, strukturu, funksiyaları və onların fəaliyyətinə nəzarət mexanizmi bizim dövlətin və xalqın etibar etmədiyi ATƏT-in Minsk qrupuna verilməyib. Ona görə narahat olmayın.
Ən yüksək hərbi münasibətlərə qədər gəlib çatan Türkiyə-Azərbaycan əlaqələri istər döyüş meydanında mənəvi dəstəyində, istərsə diplomatik və sülh müqaviləsinin müddəlarının işlənməsində, o cümlədən sülhməramlı qüvvələrin fəaliyyətinə birbaşa nəzarəti təmin edir.
Türkiyənin 10 noyabrdan sonrakı mərhələdə tarixi paralellər aparmaq və bu müharibədən, bizim qalibiyyətimizdən kənarda qalan, həmçinin sülh sənədinin işlənməsi halında Azərbaycanın öz bütövlüyünü bərpa etməsindən, regionda tablonun genişlənməsini sülh və əməkdaşlığın bərqərar olmasından Ermənistanın da fayda götürməsi, bölgədə 30 ildə inkişaf edən savaşların durdurulması işindən kənarda qalan, bunda maraqlı olmayan qüvvələr müxtəlif versiyaları gündəmə gətirərək, prosesin irəliləməsini istəmirlər.
Bu üzdən biz başa düşməliyik ki, Laçın koridorunda yerləşdirilmiş qüvvələrin üzərində nəzarət başqa bir müddəada Azərbaycandadır. Bu çox mühüm müddəadır. Yaxud soruşulur ki, Kəlbəcər, Laçın, Ağdamın adı yazıldığı halda, Xankəndi və digər ərazilər göstərilməyib. Bunun da cavabı 7-ci maddədədir. Ona görə ki, işğal olunmuş ərazilərimiz iki hissədən ibarətdir: Qarabağın inzibati ərazisi və ətraf rayonları. 7-ci maddədə deyilir ki, məcburi köçkünlər Dağlıq Qarabağ və ətraf rayonlara... Orada kənd-kənd, qəsəbə-qəsəbə ad çəkilmir. Məgər dağ, yamac, bunların hamısı müqavilədə göstərilməlidirmi? Əsla, ona görə bu hərbi qələbənin diplomatik masaya daşınması və zəfər hadisəsidir. Ona görə də biz bunu gerçəkçi bir dillə qiymətləndiririk.
Sənəddə ən mühüm müddəa erməni silahlı qüvvələrinin oradan çıxarılması ifadəsidir. Bu, qarşıdakı dövrdə orada yaşayıb-yaşamayacağından asılı olmayaraq, o bölgədə demilitarist zonanın bərqərar olması Azərbaycanın bütün məkanında ordumuzun təmsilçiyi anlamına gəlir. Sənəddə Ermənistan ordusu yazılmayıb. Belə olsaydı, natamam olardı. Sənəddə yazılıb ki, erməni qüvvələrinin çıxarılması. O üzdən 1960 nəfərlik heyəti hansı ki, 5-ci maddədə onun da fəaliyyəti, iki gün ərzində intensiv şəkildə keçən Çavuşoğlu-Lavrov, Hulusi Akar-Şoyqu, Ərdoğan-Putin arasında gedən görüşlərdən əldə olunmuş razılaşmaların işləklik tapması, bizə o inamı aşılayır ki, biz torpaq bütünlüyümüzə qovuşmuşuq. Prosesin yekununu yaxın günlərdə görəycəyik. İndiki halda, ermənilər orda yaşayacaqsa, onların pensiyasını kim verəcək, polis funksiyası kimdə olacaq sualları ilə insanlarımızın ruhunu, birliyini, bütövlüyünü təsirlərə məruz qoymayaq. Əlbəttə, polemikalar çox faydalıdır. Kiminsə narazı möveqeyi dövlət üçün əhəmiyyətlidir, bundan da istifadə etmək güclü hakimiyyət sistemlərinin işidir. Ancaq hər kəs əmin olsun ki, ordunun apardığı döyüş kimi, siyasi masada da diplomatik çalışmalarda da Azərbaycan dövləti qalibiyyətini sona qədər saxlayacaq”.
Bölməyə aid digər xəbərlər