ABŞ-ın bədii filmlər və cizgi filmləri, eləcə də xronika, sənədli ekran əsərləri, seriallar yayımlayan, eyni zamanda filmlər istehsal edən ən böyük telekanalı – HBO kanalı məşhur "Küləklə sovrulanlar" ("Gone Vith The Vint") filminin yayımına qadağa qoyub.
Yüksək reytinqli bir kanalın 10 Oskar ödülü ilə tarixə düşmüş, 1939-cu ildə ABŞ-da çəkilmiş bir filmi qəfildən qadağan etməsi nə ilə əlaqədardır?
Telekanal bununla bağlı qısa açıqlama verib. Açıqlamada deyilir ki, filmin yayımına yasaq ABŞ-dakı hazırkı durum nəzərə alınaraq tətbiq edilib. Belə ki, "Küləklə sovrulanlar" filmində qabarıq ifadə olunan irqçi motivlər var, bu isə tamaşaçıları qıcıqlandıra bilər.
Aydın məsələdir ki, telekanal "ABŞ-dakı hazırkı durum" dedikdə bu yaxınlarda ağdərili polisin qaradərili vətəndaşı öldürməsi nəticəsində ölkədə yaranmış gərgin durumu nəzərdə tutur. Sözügedən qətl ABŞ-da irqi ayrı-seçkilik kimi qiymətləndirilir və geniş etiraz aksiyalarına səbəb olub.
Qeyd edək ki, rejissoru Viktor Fleminq olan "Küləklə sovrulanlar" filmində baş rolları o dövrün kino ulduzları Klark Qeybl və Vivien Li oynayıb. "Küləklə sovrulanlar" zamanında dünyada ən çox izlənilən, eyni vaxtda ən çox Oskar mükafatına layiq görülən bir ekran əsəri olub. Bu film XX əsrin ən gözəl, baxımlı kinolarından biri kimi dünya kinosu tarixinə düşüb.
Bölməyə aid digər xəbərlər