21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
S.Möhbalıyev: “Bu addımlar yalnız sadə vətəndaşların mənafeləri üstün tutulan bir ölkədə atıla bilər”

S.Möhbalıyev: “Bu addımlar yalnız sadə vətəndaşların mənafeləri üstün tutulan bir ölkədə atıla bilər”

AHİK sədri ölkədə koronavirus infeksiyası ilə bağlı yaranmış vəziyyət və gedən proseslər barədə öz fikirlərini paylaşmışdır

Birmənalı olaraq qeyd edə bilərik ki, bu gün qlobal pandemiya elan olunmuş koronavirus (COVİD-19) infeksiyasına qarşı həyata keçirilən mübarizə tədbirlərinin effektivliyinə görə Azərbaycan dünya ölkələri sırasında xüsusilə seçilən mövqelərdədir. Müqayisə üçün səhiyyə sistemi respublikamızda olduğundan daha yüksək inkişaf mərhələsində duran bir çox başqa, o cümlədən böyük dövlətlərdə yaranmış vəziyyətə nəzər salsaq görərik ki, belə deyək, “acılı” statistik göstəricilər ölkəmizdə pandemiyanın Azərbaycana ayaq açdığı ilk günlərdə proqnozlaşdırıla biləcəyindən xeyli aşağıdır. Təbii ki, mən ölkəmizdə koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayından bəhs edirəm.

Dövlət başçımız cənab İlham Əliyevin də aprelin 14-də videokonfrans formatında keçirdiyi və 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə qeyd etdiyi kimi, bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır.

Vurğulamaq istərdim ki, Ölkə Prezidenti bu müşavirədə Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən görülən qabaqlayıcı tədbirlər haqqında ətraflı məlumat vermişdir. Bu sahədə mövcud vəziyyəti obyektiv qiymətləndirməklə yamaşı dövlət başçımız bundan sonra nəzərə alınmalı olan risklərin də dərin təhlilini aparmış və həmin risklərin minimuma endirilməsi məqsədilə atılacaq addımların əsas istiqamətlərini müəyyən etmişdir.

“Azərbaycanın gözəl hekayəsi” – yox, təəssüflə də olsa deməliyəm ki, bu ifadə mənə məxsus deyil. Bu ifadəni aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə aralarında keçirilmiş videokonfransın gedişində bankın prezidenti Suma Çakrabarti söyləmişdir. Elə bilirəm çoxları mənim bu fikrimlə razılaşar ki, nə qədər dürüst və obyektiv olsaq belə, özümüzün ölkədə gedən prosesləri qiymətləndirməyimizlə, bu qiymətləndirmənin beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilməsi fərqli anlama gəlir. Deməyim odur ki, ölkəmizdə yaşanan reallıqların dünya ictimaiyyəti tərəfindən qəbullanması əlbəttə ki, məhz beynəlxalq institutların təqdimatı ilə daha çevik, operativ və miqyaslı şəkildə həyata keçir. O cümlədən, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi kifayət qədər mötəbər və nüfuzlu bir qurumun rəhbərliyi tərəfindən Azərbaycanda gedən proseslərin olduqca müsbət dəyərləndirilməsi də ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən bir məqamdır. Bu dəyərlındirmənin yüksək olması isə cənab Suma Çakrabartinin dediyi sözlərdə öz əksini tapmışdır. Belə ki, Azərbaycandakı vəziyyət və həyata keçirilən tədbirlər haqqında fikir söyləyən AYİB prezidenti dövlət başçımız cənab İlham Əliyevə müraciət edərək demişdir: “Qeyd etməliyəm ki, qəbul etdiyiniz qərarların və görülmüş tədbirlərin həcmi məndə dərin təəssürat yaratdı. Bununla bərabər, addımlarınız olduqca qətiyyətlidir və Siz çevik hərəkət edirsiniz. Sizin də qeyd etdiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı da bunu təqdir etmişdir. Sizinlə 2012-ci ildə baş tutmuş ilk söhbətimi xatırlayıram. Azərbaycanda yoxsulluğun rekord dərəcədə aşağı salınmasına nail olunduğunu qeyd etdik və bir çox insan bundan bəlkə də xəbərsizdir, ancaq bu, dünyada ən yüksək templərdən biri idi. Həmin nailiyyətlərin qorunub saxlanılması, yoxsulların müdafiəsi sahəsində gördüyünüz işlər xüsusilə qeyd edilməlidir. Sahibkarlara dəstək, ailələrə yardım – bunlar zənnimcə, qısa perspektivli deyil, orta perspektivli addımlardır.”

Daha sonra Mərkəzi Bankla 50 milyon dollar məbləğində “Swap” razılaşmasının başa çatdırılmasına görə minnətdarlığını bildirən AYİB prezidenti ötən bir neçə ayda ölkəmizdə gedən prosesləri Azərbaycanın gözəl hekayəsi adlandıraraq demişdir: “Sizin ölkə dünyada ilin ilk rübündə iqtisadi artıma nail olmuş azsaylı ölkələrdəndir, bəlkə də yeganə ölkəsiniz.”

“Yoxsul vətəndaşlarımıza və sahibkarlara yardım etməli olduğumuz dövr” – Ölkə Prezidenti cənab İlham Əliyev koronavirus pandemiyasının yayılması səbəbilə bütün dünyada olduğu kimi, Azərbaycanda da bütün digər sahələrlə yanaşı iqtisadiyyata da böyük ziyan vurması ilə səciyyələnən bu dövrü məhz belə adlandırmışdır. Həqiqətən də Azərbaycan dövləti bu çətin dönəmdə öz vətəndaşlarına sözün əsil mənasında sahib çıxdı. İlk növbədə koronavirus nəticəsində mənfi təsirə məruz qalmış özəl sektorun müvafiq sahələrinə ciddi dəstək paketi təqdim edildi. Xidmət və digər sahələrdə çalışan 600 min vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənildi. Daha 600 min nəfər aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edildi.

Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, tətbiq olunan vergi güzəştləri də nəzərə alınarsa, artıq bu gün dövlət tərəfindən vətəndaşlara olunan yardımların miqyasını əks etdirən bu rəqəm 3,5 milyard manat və ya 2 milyard dollardan çoxdur. Neftin qiymətinin kəskin azalması və bu səbəbdən ölkənin valyuta ehtiyatlarının güclü mənfi təsirə məruz qalması fonunda dövlət tərəfindən belə addımların atılması yalnız və yalnız xalqın, sadə vətəndaşların maraq və mənafelərinin üstün tutulduğu bir ölkədə mümkündür.

Hər kəs əlini bu daşın altına qoymalıdır

Əlbəttə, ölkəmizdə artıq uzun müddətdən bəri müşahidə olunan dinamik iqtisadi inkişaf, Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında davamlı olaraq həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlar sayəsində bu gün Azərbaycan belə böhranlı vəziyyətlərdən minimal itkilərlə çıxmaq üçün yetərli resurs və potensiala malikdir. Digər tərəfdən isə biz də bir cəmiyyət olaraq, bu ağır yükü tək dövlətin çiyinlərinə buraxmamalıyıq. Necə deyərlər, hər kəs əlini daşın altına qoymalıdır. Öz növbəmizdə, biz də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq möhtərəm dövlət başçımızın koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edirik. Bu məqsədlərə AHİK-in tabeliyində olan qurumlar tərəfindən qısa müddət ərzində 1 milyon 600 min manatdan çox vəsait xərcləmişdir. İndiyədək 17 mindən artıq aztəminatlı ailəyə ərzaq yardımları göstərilmiş, 631 min 600 manat məbləğində vəsait bu məqsədlər üçün xərclənmiş, 148 min manat dəyərində qoruyucu vasitələr alınıb paylanılmışdır. Koronavirusla Mübarizə Fonduna isə tərəfimizdən ümumilikdə 398 min 600 manat vəsait köçürülmüşdür. Həmçinin bu günlərdə AHİK-in İcraiyyə Komitəsi tərəfindən respublikanın 76 şəhər və rayonunda yaşayan, xüsusi yardıma və qayğıya ehtiyacı olan 3900 aztəminatlı ailə müəyyən edilərək onlara ərzaq yardımlarının paylanması barədə yeni qərar qəbul edilmişdir. Artıq ümumi həcmi 68 ton olan ərzaq sovqatları aprelin 29-da xüsusi təşkil edilmiş avtomobil karvanı ilə ünvanlarına göndərilmişdir.

Bu gün həqiqətən də bütün dünya üçün və eyni zamanda da ayrılıqda götürülmüş hər bir ölkə üçün, hər bir xalq üçün əsil sınaq günüdür. Və biz bu sınaqdan yalnız birliyimiz, həmrəyliyimiz sayəsində üzü ağ çıxacağıq. Gəlin bir daha möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına səs verək və bütün çətinlikləri dəf etmək üçün dövlətimizə hər işdə dəstək olaq!


Səttar Möhbalıyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı


Tarix: 29-04-2020, 19:51 Oxunub: 111


Bölməyə aid digər xəbərlər