23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sumqayıtda bu əraziyə 40 gündür su verilmir - RƏSMİ AÇIQLAMA

Sumqayıtda bu əraziyə 40 gündür su verilmir - RƏSMİ AÇIQLAMA

gununnebzi.az Sumqayıt şəhərinin Yaşma bağları yaşayış massivinə su verilmir. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Sakinlər bildirib ki, sözügedən yaşayış məntəqəsində 40 gündür ki, su yoxdur. Bu səbəbdən onlar etirazlarını bildiriblər.

Məsələ ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq.

ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, hazırda Şimal zonasında su çatışmazlığı yaşanır:

“Bu, iqlim dəyişikliyi ilə bağlıdır. Dağlarda yağıntının, qarın miqdarı çox olmalıdır ki, çaylar bolsulu olsun. Samur çayında su çox olarsa, Samur-Abşeron kanalı da oradan qidalanar və ətrafdakı rayonlarda əkin sahələrinin suvarılmasında problem yaranmaz.

Onu da qeyd edim ki, yağıntıların az olması quraqlığa səbəb olur və su çatışmazlığı problemi ortaya çıxır. Türkiyə və Gürcüstanda qarlı, yağıntılı hava olmalıdır ki, mənbəyini həmin ərazilərdən götürən Kür və Araz çaylarında su bol olsun, kanallar su ilə təmin edilsin”.

D.Şərifovun sözlərinə görə, artıq Yaşma bağlarındakı su çatışmazlığı problemi öz həllini tapıb:

“Növbəlilik rejimində həmin bağlara su verilişi təmin olunub. Quraqlıq vəziyyətindən çıxmaq üçün vətəndaşlara müraciətimiz ondan ibarətdir ki, sudan qənaətlə və növbəlilik əsasında istifadə etsinlər”.

ASC rəsmisi qeyd edib ki, su çatışmazlığının aradan qaldırılması üçün hər il Prezident İlham Əliyev subartezian quyularının qazılması ilə bağlı sərəncamlar imzalayır:

“Bu il, əvvəlki illərdən fərqli olaraq, daha çox subartezian quyusu qazılacaq. 2020-ci ilin sonuna kimi respublikanın şəhər və rayonlarının əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 443 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulur.

Eləcə də, respublikanın yaşayış məntəqələrinin, əkin sahələrinin və infrastruktur obyektlərinin sel və daşqın sularının zərərli təsirindən mühafizəsi və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə Kür-Araz və dağ çaylarında sahilbərkitmə işlərinin aparılması nəzərdə tutulur”.

“Hazırda dünyada iqlim dəyişiklikləri baş verir: Azərbaycanın da üzv olduğu Ümumdünya Su Şurasının və Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, qarlı günlərin sayı azalır, buzlaqlar əriməkdə davam edir, quraqlıq dövrü uzanır.

Ölkəmizdə də isti günlərin sayı artır, dağlarda çaylarımızı qidalandıran qar örtüyü azalır. Ona görə də 2020-ci və növbəti illərdə suya həssaslıqla yanaşılmalıdır. Bir çox ölkələr susuzluqdan əziyyət çəkir. Biz də gündəlik həyatımızda sudan səmərəli istifadə etməliyik”, - deyə qurum rəsmisi qeyd edib.


Tarix: 5-05-2020, 11:24 Oxunub: 52


Bölməyə aid digər xəbərlər