Ötən il Azərbaycanda yay fəsli o qədər də isti keçmədi. Havaların intensiv küləkli və sərin keçməsi insanların çimərliklərə üz tutmasına da əngəl yaratdı.
Bu ilin yayının isə daha isti keçəcəyi gözlənilir. Bununla bağlı Ümumdünya Hidrometerologiya Xidməti də məlumat yayıb.
gununnebzi.az xəbər verir ki, mövzu barədə Modern.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, qlobal iqlim dəyişmələri fonunda nəinki Azərbaycanda, eləcə də, bütün dünyada yay fəslində isti hava dalğalarının intensivliyi artmaqdadır:
“Hər il müəyyən aylarda istilərlə bağlı rekord göstəricilərlə rastlaşırıq. Hər ay yay mövsümü öncəsi mətbuatda belə yazılarla rastlaşırıq. “Son 10 ilin, yaxud da, 20 ilin isti yayı gözlənilir”.
Xidmət rəisi ölkəmizlə müqayisədə Avropa ölkələri üçün normal olmayan temperaturun da olmasından söz açıb: “Ümumdünya Hidrometerologiya Xidməti şimal yarımkürəsi üçün isti hava proqnozalaşdırsa da bu o demək deyil ki bütün şimal bölgəsinə aiddir. Məsələn, son illərdə iyun ayında ölkəmizdə kəskin istilər müşahidə olunmur. Bəzi şimali Avropa ölkələrində havanın temteraturu 30 dərəcədən çoxdursa, onlar üçün bu yüksək göstəricidir. Bunun da səbəbi var. Hər bir ölkə üçün səciyyəvi olan iqlim şəraiti mövcuddur. Azərbaycanda isə temteraturun 30-dərəcədən yuxarı olması səciyyəvidir. Yəni, biz bu temteratur rejiminə öyrəşmişik”.
Umayra Tağıyeva proqnozlaşdırılan istilərdən də danışıb: "Qarşıda isti dövrlər gözlənilir. İyul, avqust ayında havaların kəskin isti olacağı istisna olunmur. Əgər keçmişdə bu proseslər 1-2 gün davam edirdisə, indi isti hava dalğaları bir həftəyədək uzanır. Bu da insanların sağlamlığı üçün müəyyən risklərlə nəticələnir. Belə olduğu üçün də hidrometeoroloji təminatın və bizim sahənin əhəmiyyəti artır. Nəinki Azərbaycanda, bütün dünyada bu proseslər ciddi müşahidə olunur".
Bölməyə aid digər xəbərlər