Ermənistan yaxın gələcəkdə Azərbaycanla sərhəddə sığınacaqlar tikəcək.
Bu barədə sözügedən layihə üçün vəsait toplayan ABŞ-dakı erməni nümayəndələri məlumat yayıb. Bunun üçün ianə kampaniyasına start verən ermənilər, ilk öncə Tovuz rayonu ilə üzbəüz mövqelərdə bu cür sığınacaqların tikiləcəyini bildirib.
Bundan başqa, əhalinin sərhədyanı ərazilərdən köç etməsini əngəlləmək üçün həmin ərazilərdə bir sıra iqtsiadi layihələrin həyata keçirilməsi planlaşdırılır. Hansı ki, bunun üçün gərəkli olan vəsait də ABŞ və Avropadakı erməni lobbisindən əldə ediləcək.
Xatırladaq ki, 12 iyul tarixində Ermənistan ordusunun Tovuz istiqamətində həyata keçirdiyi təxribata cavab olaraq, Azərbaycan ordusu düşmənə ciddi zərbə endirib, onu çoxsaylı itkilərə məruz qoyub. Görünür, məhz bu amil qorxuya düşən düşməni sığınacaqlar tikmək haqda fikirləşməyə vadar edib.
Mütəxəssislər isə hesab edir ki, Ermənistanın sığınacqlar məsələsini gündəmə gətirməsi onun həm ənənəvi məzlum obrazına geri dönüşü, həm də yeni təxribatlara hazırlığı kimi dəyərləndirilə bilər. Ola bilsin ki, düşmən sığınacaqlar tikməklə mütəmadi surətdə Azərbaycanın təzyiqinə məruz qaldığını, bundan qorunmaq üçün sığınacaqları ehtiyac duyduqlarını beynəlxalq ictimai rəyə təlqin etməyə çalışıb. Həmçinin, ola bilsin ki, Ermənistanın sığınacaqlar tikmək istəyinin arxasında yeni təxribatlara və əməliyyatlara hazırlıq niyyəti dayanır.
Hələlik bəlli olan sadəcə budur ki, düşmən xaricdəki erməni diasporunun imkanlarından maksimum faydalanmağa çalışır. Erməni diasporunun dəstəyinin boş büdcəyə malik İrəvanı nə vaxta və hara qədər xilas edəcəyini isə zaman göstərəcək.
Bölməyə aid digər xəbərlər