Bir neçə gün əvvəl şəhərin lüks restoranlarından birində məmurların gizlin keçirtdiyi to(y)plantı xəbəri ölkə gündəminə sözün əsl mənasında bomba kimi düşdü.
Günlərdir sosial şəbəkələrdə müzakirə olunan sözügedən məclisin gizli çəkilişini həyata keçirən şəxsin kimliyi haqqında müxtəlif versiyalar irəli sürüldü. Kimisi bu gizli qəhrəmanın ofisiant, kimisi də fotoqraf olduğunu düşündü. Məclisdə iştirak edən narahat məmurların isə ağlında yalnız “beşinci kalonun adamı” versiyası olub. Yoxsa bu dost məclisində kim onları belə “namərdcəsinə” arxadan vura bilərdi? Həmən çaxnaşma zamanı mənim beynimdə yalnız bir sual var idi. O kadrları çəkən mübarək əl kimə məxsus idi?
Cavab özünü çox gecikdirmədi. Bombanı partladanın 2009-cu ildə Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Aysel Teymurzadənin olduğu məlum oldu. Xeyli təəccüb doğuran bir situasiyadır. Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə ilə ailə həyatı qurandan sonra fəaliyyətini əbədiyyən donduran gözəl müğənninin bu addımı ortalığa çoxsaylı “niyə?”- lər çıxartdı.
Müğənnimizi qəhrəman elan etməyə tələsmədən onu deyim ki, Aysel Teymurzadənin bu videonu ictimailəşdirmək üçün çəkməsi mənə inandırıcı gəlmədi. Əvvəla ona görə inanmaq olmur ki, heç kim içində özünün də olduğu gəmini batırmaz. Bir qadın həyat yoldaşının nüfuzunu, məmurlarla dostluq əlaqələrini, hətta deyərdim bütün istiqbalını riskə atması üçün, ya sərxoş olmalıdır, ya da dəli. Aysel Teymurzadənin indiyə qədər başımıza gələn yaxşı, pis heç bir situasiyada nəinki bir sənətçi, heç bir vətəndaş kimi də mövqeyini sərgiləməsinin şahidi olmamışıq. İndi durduğu yerdə niyə belə bir yaxşılıq etsin ki, xalqa? Bu uzun illərdir şou biznesdən düşən Aysel teymurzadənin ruhunda baş qaldıran şou yaratmaq istəyi, həm özünə, həm də to(y)plantı sahiblərinə baha başa otursa da, bu qan-qaraçılıqda bu dəfə qazanan tərəf xalq oldu.
Məmur məclisinə adətən oxumaq üçün dəvətli olan müğənnilərdən fərqli olaraq Aysel yüksək rütbəli, nüfuzlu məmurların olduğu “toplantıda” Əməkdar artist olan həyat yoldaşı ilə birlikdə qonaq qismində iştirak edirdi. Bu onun nə qədər əhəmiyyətli və aristokrat zümrədən olmasını sübut edəcək dəlillərdən idi. Bu dəlili xanım sənətçinin harda yayımladığı, kimə yolladığı haqqında təfərrüat mənə də məlum deyil. Amma ağlıma gələn bir versiya var. Bu pünhan keçirilən məclisdən çəkdiyi görüntüləri gözəl müğənnimiz böyük ehtimalla şəxsi Votsap statusunda paylaşıb və statusu görən jurnalistlərdən birinin güdazına gedib. Çünki Azərbaycanda heç bir sənətçi üç əldən gələn çəpik səsinə, beş ağızdan çıxan “halal olsun” şüarına görə həyatını riskə atmaz.
Bilməyərəkdən etdiyi bu yaxşılıq sayəsində Aysel Teymurzadə tarixdə iki şey ilə əbədi yaddaşlara həkk oldu. Avroviziyada Azərbaycanı 3-cü etməsi və xalqın səbir kasasını daşıran məmurların qanunsuzluqlarını ifşa edərək, onların qanun çərçivəsində cəzalandırılmasında göstərdiyi müstəsna xidməti. Biz sizi hər zaman yaxşı xatırlayacağıq, Aysel xanım!
Bölməyə aid digər xəbərlər