Fevralın 11-də saat 16 radələrində Gürcüstan Respublikasının vətəndaşı, Xəzər rayonu Südçülük sovxozu ərazisində yaşayan 1966-cı il təvəllüdlü Məmmədov Canpolad Alı oğlunun öldürülməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1978-ci il təvəllüdlü İbrahimov Heydər Məhəmməd oğlunun aralarında yaranmış mübahisə zamanı soyuq silahdan istifadə etməklə Canpolad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Heydər İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bölməyə aid digər xəbərlər