21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Taksi sürücüləri insanları Bakıya gizli yolla keçirəcəklərini deyib aldadır”

“Taksi sürücüləri insanları Bakıya gizli yolla keçirəcəklərini deyib aldadır”

“Bakı, Sumqayıt və Abşerona giriş-çıxışın məhdudlaşdırılması barədə qərarı Baş Dövlət Yol polisi İdarəsi Nazirlər Kabineti yanında Operativ Qərargaha istinad edərək açıqlamışdı və bu addımın nə üçün atıldığına dair əsaslı səbəblər də gətirilmişdi. Təəssüf ki, iki gün sonra o qərar qüvvəyə minəndə yenə insanlar xaotik bir şəkildə yola çıxıb, Bakı istiqamətində hərəkətə keçdilər, hətta gündüz saatlarında sıxlıq müşahidə olundu”.

Bunu Modern.az-a koronavirusa görə Bakı, Sumqayıt və Abşerona giriş-çıxışın məhdudlaşdırılması ilə bağlı danışarkən nəqliyyat eksperti Elməddin Muradlı deyib.

İnsanların qadağanı ciddiyə almadığını vurğulayan E.Muradlı bildirib ki, rayonlararası taksi xidməti ilə məşğul olan sürücülər məsələ haqqında ətraflı məlumatı olmayan vətəndaşları aldadaraq, onları çətin vəziyyətdə qoyur:

“Mən postların bəzilərində olmuşam. Vətəndaşlarla söhbət edəndə özləri də yola bəxtəbəxt çıxdıqlarını etiraf etdilər. Xüsusilə, rayonlararası taksi fəaliyyəti ilə məşğul olan bəzi sürücülər var ki, dələduzluq edirlər. İnsanları aldadırlar ki, mən bəzi gizli yollar bilirəm, sizi keçirəcəm. Onlar da inanaraq gəlib, yolda qalır və geri qayıtmalı olurlar. Yaxud da düşüb piyada keçirlər, Bakı istiqamətinə gedən maşın tapsalar, gələ bilirlər. Yəni, sürücü onları aldadıb, mənzil başına çatdırmır. Ona görə də rəsmi qurumların yaydığı informasiyalara inanmaq, onları əsas tutmaq lazımdır”.

Ekspert qadağada nəzərə alınmayan və vətəndaşların çaşqınlığına səbəb olan məqamlardan da danışıb:

“Düşünürəm ki, Baş Dövlət Yol Polisinin, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərərgahın bu açıqlamasında müəyyən boşluqlar da var. Deyək ki, bir ailə başçısı və övladları Bakı qeydiyyatındadır, xanımı isə Oğuz rayonunda. Bunlar Oğuz rayonuna gedirlər. Belə çıxır ki, qayıdanda postda evin xanımını düşürüb, geri qaytaracaqlar ki, sən Bakı qeydiyyatında deyilsən?! Bu, bir az düzgün yanaşma deyil. Hər bir halda insanları nəzərə almaq lazımdır. Nikah şəhadətnaməsi varsa, onları yolda saxlamaq, incitmək lazım deyil. Belə insanlar bizə müraciət edəndə bununla bağlı sual verir. Rəsmi açıqlamaya əsaslanıb, deyirəm ki, yəqin, problem yaranacaq. Amma adama gülməli gəlir ki, bu nə dərəcədə doğrudur.

Yaxud da adam Bakı qeydiyyatındadır, maşını isə rayon. Bakıda yaşaya- yaşaya, tutaq ki, Şəki seriyası ilə maşın alır. İndi onun maşınını postda saxlayıb, özünə deyəcəklər ki, sən özün get, maşının burada qalsın?! Belə şeyləri konkretləşdirmək lazım idi. İndi bəziləri qorxudan yola çıxmır, bəziləri məlumatı anlayıb gəlir, sıxlıq yaradır. Bu məlumatları üstüörtülü, qeyri-müəyyən şəkildə yayıb, insanları da suallar qarşısında aciz qoymamalıyıq”.

Muradlı polislərin bu məsələdə cərimə tətbiq etməkdən çox maarifləndirmə işinə önəm verdiyini də diqqətə çatdırıb:

“Qaydanı pozanlara 100 manatdan 5000 manatadək cərimə nəzərdə tutulur. Bu, artıq cənab prezident tərəfindən təsdiqlənib, Daxili İşlər Nazirliyinə səlahiyyət verilib. Bunu həm yol polisi, post-patrul xidməti əməkdaşları, həm də çevik polis əməkdaşları tətbiq edə bilər. Ancaq polislərimniz bu istiqamətdə düşünmürlər. Onlar da bu cəmiyyətin bir üzvüdür, maksimum dərəcədə çalışırlar ki, insanları məlumatlandırsınlar, maarifləndirsinlər ki, bu əməllərdən çəkinin. Amma postda kimsə polisin “saxla” əmrinə tabe olmazsa, kobudluq edib, hərəkəti davam etdirib, qaçmağa çalışarsa, əlbəttə, belə adamları cərimələmək lazımdır”.

O, vətəndaşları məhdudlaşdırmanı anlayışla qəbul etməyə çağırıb:

“Heç kim bunu Avropa oyunları, İslam Həmrəyliyi Oyunları ilə bağlı dövrlə müqayisə etməsin. Bu, oyun, yarış, beynəlxalq tədbir deyil. Bu, dünyanı cənginə almış koronavirus təhlükəsindən irəli gələn bir addımdır. Bu addımı da ona görə atıblar ki, yerdəyişmə etməsinlər, bir-birinə çox yaxın olmasınlar. Virusun yayılması bəlkə bu tədbirlə səngiyə bilər”.


Tarix: 21-03-2020, 17:00 Oxunub: 91


Bölməyə aid digər xəbərlər