21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Azərbaycanda prokuror məhkəməyə verildi

Azərbaycanda prokuror məhkəməyə verildi

Balakən rayonu, Meşəşambul kəndinin 14 sakini rayonun prokuroru Qoşqar Əhmədova qarşı məhkəmə iddiası qaldırıb.

Bununla bağlı Osbanov Hacı, Dadaşova Cənnətey, Hetayev İlkin, Dibirova Həcər, Dibirov Hacı, Qoçiyev İbrahim, Dibirov Musa, Gəncəyev Nürəddin, Dibirov Fərhad, Anqbazov Ramazan, Taşrayev Murtuzəli, Taşrayev Çingiz, Dadaşova Məryəm və Heydərov Şamil Balakən rayon məhkəməsinə müraciət edib.

Sakinlər bildirib ki, 2020-ci ilin iyulunda kənd sakini Həcər Dibirovaya məxsus 14 hissədən ibarət (çörəkbişirmə, taxta sexləri, taxıl anbarı, kafe, bərbərxana, mağaza və s.) obyektdə yanğın baş verib. Bundan sonra araşdırma başlayıb.

Fövqəladə Hallar Nazirliyinin iyulun 20-də tərtib etdiyi aktda yanğına elektrik xətlərində yaranmış qısaqapanmanın səbəb olduğu qeyd edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 23 oktyabr 2020-ci il tarixli rəyinə əsasən, yanğın zamanı yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri 106 380,50 manatdır.



Sakinlər iddia ərizələrində qeyd ediblər ki, qanuna görə, yoxlama müddəti bir aya yekunlaşdırılmalı və nəticədən asılı olaraq ya cinayət işi başlanılmalı, ya da cinayət işinin başlanılması rədd edilməlidir: “Lakin yanğından sonra kənd ərazisində dəfələrlə elektrik xətlərində baş verən gərginliyin artıb-azalması nəticəsində evlərinə və məişət əşyalarına ciddi ziyan dəyib.



Lakin prokurorluq bir aya yekunlaşdırmalı olduğu işi bir ilə yaxındır tamamlamadığı üçün elektrik sistemində yaşanan problemlər də aradan qaldırılmır və prokurorluq ziyana düşmüş adamları zərərçəkmiş kimi tanımaqdan imtina edir. Sonuncu dəfə bu ilin aprelin 21-də kənddə 20-yə yaxın evdə paltaryuyan maşın, soyuducu və televizorlar yanıb”.



Buna görə də sakinlər məhkəmədən prokurorun hərəkətlərinin qanunsuz sayılması haqda qərar çıxarılmasını istəyiblər. Məhkəmə prosesi iyulun 1-də Balakən rayon məhkəməsinin hakimi Zamin Tahirovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, FHN müstəntiqləri istintaqın nəticəsində belə qərara gəlib ki, yanğına görə Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə nəzərdə tutulmuş səhlənkarlıq cinayətinin tərkib əlamətləri var. Lakin maddədə nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq prokurorluq orqanları tərəfindən aparılır. Buna görə də materiallar Balakən rayon Prokurorluğuna göndərilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

(Qafqazinfo)

Tarix: 30-06-2021, 10:15 Oxunub: 205


Bölməyə aid digər xəbərlər