“Azəriqaz” İstehsalat Birliyi (İB) Suraxanı və Abşeron rayonlarında işbazların əməllərini üzə çıxarıb.
“Azəriqaz”dan verilən məlumata görə, Abşeron rayonunda Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1a ünvanında yerləşən “R+R” Mənzil Tikinti Kooperativinin (MTK) inşa etdiyi binada qazdan qanunsuz istifadə etmə halları aşkarlanıb.
“Bina iki blokdan və 66 mənzildən ibarətdir. Hazırda 55 mənzildə yaşayış var. Həmin binanın yalnız 31 mənzilində qaz sayğacı quraşdırılaraq qeydə alınıb, abonent kodu təyin edilib. Digərlərinə isə qaz açılışı ilə bağlı hər hansı rəy verilməyib. Bu vəziyyətdən istifadə edən bəzi sakinlər kimlərinsə vasitəçiliyi ilə müxtəlif yollarla qaz xətlərinə müdaxilə edərək qanunsuz qoşulmalar aparıb. İki fakt binanın fasadından aydın göründüyü üçün tam təsdiqini tapıb.
Daha 10-a yaxın mənzildə belə halların mövcudluğuna dair ciddi əsaslar var. Karantin rejimini əsas gətirərək, sakinlərin mənzil baxışına şərait yaratmaması da binada çox sayda qanunsuz qoşulmanın olduğunu deməyə əsas verir. “Azəriqaz” İB ünvanı qeyd edilən bina sakinlərindən xahiş edir ki, MTK nəzarətçisi (komendant) ilə əlaqə saxlayaraq, mənzillərində qanunsuz qoşulma varsa, həmin xəttin ləğvinə şərait yaratsınlar. Əks halda, bu cür vəziyyət təkcə həmin ailə üçün deyil, bütün bina sakinləri üçün təsəvvür edilməyəcək dərəcədə qəzalı durum yarada bilər”, - deyə qurumun məlumatında bildirilir.
Qurumdan həmçinin bildirilib ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsində qanunsuz şəkildə qaz xətti çəkilərək dörd fərdi yaşayış evinə “mavi yanacaq” verilib:
“Dövlət Neft Şirkətinə məxsus pay hasilat torpaqlarının ərazisindən qaz xətti çəkilməsi qadağan olunduğu halda, bu işi podratçı təşkilatlardan biri icra edib və nəticədə, vətəndaşlar aldadılıb. Başqa yerlərdə layihə əsasında quraşdırılmalı olan sayğaclar gətirilərək, bu ərazidə yaşayan vətəndaşların istifadəsinə verilib”.
Qeyd olunur ki, bu cür ərazilərdə daşıyıcı qaz xətləri yaşayış evinin yaxınlığından keçdiyi halda, həmin evə qaz verilişinə icazə verilə bilər.
Bölməyə aid digər xəbərlər