02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“Tərtər işi”ndə SENSASİON İTTİHAM: 3 gizirlə 1 kapitan yüzlərlə hərbçiyə işgəncə verib və...

“Tərtər işi”ndə SENSASİON İTTİHAM: 3 gizirlə 1 kapitan yüzlərlə hərbçiyə işgəncə verib və...

Tərtər işi” üzrə daha bir qrupun işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmə qarşısına daha 4 nəfər – Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev və Ruslan Mikayılov çıxarılıblar. Bu 4 müttəhim yüzlərlə hərbçiyə işgəncə verməkdə, onlardan bir neçəsinin ölümünə səbəb olmaqda ittiham olunur. Bundan əvvəlki 4 və 5 nəfərdən ibarət 2 qrupun işində olduğu kimi, bunların da işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Lakin məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Məhkəmə qarşısına çıxarılan müttəhimlərin hər biri bundan əvvəl 1 dəfə elə Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunub. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar haqqında hökm çıxarılıb, hər biri 5 il 6 ay - 6 il azadlıqdan məhrum edilib. 2020-ci ildə azadlığa buraxılıblar, 44 günlük Vətən müharibəsində iştirak ediblər.

GununNebzi.az Musavat.com-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxslərdən 30 yaşlı Ruslan Mikayılov ali hərbi təhsillidir, Tərtərdə N saylı hərbi hissədə leytenant rütbəsində xüsusi təyinatlı qrupun komandiri vəzifəsində xidmət edib.

Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyev isə gizir olub. 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat təzələnəndən bir neçə ay sonra – apreldə adları çəkilən 4 nəfər yenidən həbs olunub. Onlar yeni üzə çıxan hallar üzrə məsuliyyətə cəlb ediliblər. Hazırda onlara qarşı 180-dən çox zərərçəkmiş var. Onların bir qismi işgəncə nəticəsində vəfat edən şəxslərin ailə üzvləridir. Hakim Zeynal Ağayevin sədrliyilə keçirilən ötən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Ruslan Mikayılov vəsatət qaldıraraq, bu işlə bağlı həqiqətlərin ictimaiyyətə və ölkə başçısına çatdırılması üçün jurnalistlərə prosesdə çəkiliş aparmağa şərait yaradılmasını istəmişdi.

“Hüquq-mühafizə orqanları bu işi qərəzli araşdırıb. Nəticədə zərərçəkənlər o cür bədbəxt eləyiblər, bizi də bu cür. Ölkə başçısı da, ictimaiyyət də bilməlidir ki, orada kimlər olub, bizə kimlər hansı əmrləri verib. Bu işdə hansı nazirlərin, hansı generalların əli var. Ölkə ictimaiyyətində bizim haqqımızda mənfi imic formalaşıb. Xahiş edirəm, media nümayəndələri dəvət olunsun, onlara çəkiliş aparmağa imkan verilsin” deyə təqsirləndirilən bildirmişdi.

Zərərçəkmiş qismində tanınan şəxslər də onun qaldırdığı vəsatəti müdafiə etmişdilər.

“Azərbaycan ictimaiyyəti bilməlidir ki, kimlər göstəriş verib”, - Tərtər hadisələri zamanı dövlətə xəyanət və başqa ağır ittihamlarla həbs olunub, 6 ilə yaxın həbsdə saxlandıqdan sonra dekabrda bəraət alıb azadlığa buraxılmış Müşfiq Ədmədli bildirmişdi.

“Tərtər işi” üzrə Sumqayıt Məhkəmə Kompleksində aparılan digər 2 işdə olduğu kimi, bu iş üzrə də təqsirləndirilən şəxslər və onların vəkilləri istintaqın natamam, qərəzli aparılmasında da şikayətlənirlər. Vəkillər işin yenidən araşdırılması üçün istintaqa qaytarılması haqda vəsatət qaldırıblar.

Zərərçəkən Elçin Əliyevin vəkili Türkel Süleymanlı hakimin diqqətinə çatdırmışdı ki, cinayət işində elə təqdim olunub ki, sanki hərbi prokuror Xanlar Vəliyevə, onun tabeliyində olan müstəntiqlərə, hərbi dəniz qüvvələrinin rəhbəri Zaur Quliyevə, korpus komandiri Hikmət Həsənova adi gizirlər əmr verib Tərtərə gətirmişdi.

“Dövlətə xəyanət ittihamıyla cinayət işi başlanmasını, bu haqda ictimaiyyətə məlumat verilməsini gizirlər göstəriş vermişdi?”, - vəkil bildirmişdi.

Türkel Süleymanlı əlavə etmişdi ki, bu cinayət işi obyektiv, hərtərəfli araşdırılması üçün yenidən istintaqa qaytarılmalıdır.

Təqsirləndirilən Sənan Maşıyevin vəkili bildirmişdi ki, Baş Qərargahın keçmiş rəisi Nəcməddin Sadıkovla yanaşı, hazırda eyni vəzifəni daşıyan şəxsin də adı bu cinayət işində hallanır: “Çox təəssüf ki, bu cinayət işi üzrə istintaq hərtərəfli aparılmayıb. Məsələn, zərərçəkmiş Boris Cəfərova qarşı işgəncə epizodundan məlum olur ki, nəinki keçmiş qərargah rəisi, hətta indiki qərargah rəisi Kərim Vəliyev də orada olubmuş”.

Məhkəmədə əlavə şahidlərin dindirilməsi haqda da vəsatətlər qaldırılmışdı. Məhkəmə əlavə şahidlərin dindirilməsi haqda vəsatətin baxılmamış saxlanmasına qərar verib. Hakim bildirib ki, bu məsələyə əsas şahidlər dindiriləndən sonra baxılacaq. İşin istintaqa qaytarılması haqda vəsatət isə təmin olunmayıb. Hazırda iş üzrə məhkəmə prosesi davam edir.

Tarix: 7-06-2023, 16:10 Oxunub: 33


Bölməyə aid digər xəbərlər