Azov dənizi üzərində Rusiyaya məxsus “A-50” kəşfiyyat və “İl-22M” bombardmançı təyyarəsi vurulub.
GununNebzi.az xəbər verir ki, bu barədə ilk məlumatı Ukrayna Ali Radasının deputatları Yuri Mısyaqin və Aleksandr Fedienko öz teleqram kanallarında paylaşıb.
Daha sonradan bir sıra Ukrayna mediası ölkənin Baş Kəşfiyyat idarəsinə istinadən sözügedən məlumatları təsdiq edib. Bildirilib ki, “A-50” təyyarəsi vurulub, “İl-22M”-ə isə zərbə nəticəsində zərər dəyib. Məlumata görə, hadisədən sonra “A-50” radarlardan itib və onunla əlaqə kəsilib. Daha sonra isə Rusiyanın “Su-30” təyyarəsinin pilotu tüstü və naməlum hərbi obyektin qəzaya düşdüyü barədə məlumat verib.
“İl-22M” təyyarəsinin Anapa hava limanında təcili eniş etdiyi iddia olunur.
Rusiya Müdafiə Nazirliyi təyyarələrin vurulması ilə bağlı məlumatları şərh etməyib. Nazirliyə yaxın “Рыбарь” teleqram kanalı təyyarələrin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu əsas versiyalardan biri kimi qeyd edib. Bununla belə, Ukrayna mediası onların ölkənin Silahlı Qüvvələri tərəfindən vurulduğunu yazır.
Qeyd edək ki, “A-50” təyyarələrindən əsas olaraq hücumların hazırlanması və qarşı tərəfin hücumu barədə xəbərdarlıq etmək üçün kəşfiyyat zamanı istifadə edilir. Rəsmi məlumata görə, Rusiya 10 ədəd bu tip təyyarəyə sahibdir. Bir “A-50” təyyarəsinin qiyməti 330 milyon dollar olaraq qiymətləndirilir. (qafqazinfo)
Bölməyə aid digər xəbərlər