Kanadanın Ontario əyalətində dəyəri 3,2 milyon dollardan çox olan 52 oğurlanmış avtomobil tapılıb.
Yeniavaz.com Kanada mətbuatına istinadla xəbər verir ki, müstəntiqlər məsələ ilə bağlı 96 cinayət işi açıblar.
Belə ki, yanvarın 22-də York rayonunun polis rəmiləri bir qrup şəxsin bahalı avtomobilləri hədəf aldığını və onları satmaq məqsədilə Şərqi Avropaya, həmçinin Azərbaycan və Gürcüstana qədər aparmağı planlaşdırdığını açıqlayıb.
Sözügedən dəstə üzvlərinin əsasən Böyük Toronto adlanan ərazidən və Ontarionun cənub-qərbindən oğurlanmış avtomobilləri saxlamaq üçün yaşayış yerlərindən istifadə etdiyi bildirilir.
York polisi 11 nəfəri 100-ə yaxın cinayət əməlində, o cümlədən avtomobil oğurluğu və cinayət yolu ilə əldə edilmiş əmlakın alveri ilə məşğul olmaqda ittiham edib.
Kanada mətbuatında sözügedən şəxslərin siyahısı da dərc olunub. Bunlar Skarboro sakinləri 20 yaşlı Zain Afzal və 20 yaşlı Arpan Dutta; Nyumarket sakini, 57 yaşlı Andrey Pokrovskiy; Kembric sakini, 35 yaşlı Məhəmməd Hadi; London sakini Darren Proulex; Branford sakini, 64 yaşlı Sənan Abbasov; Kitçener sakini, 54 yaşlı Sadkoul Derman və Toronto sakinləri 32 yaşlı İbrahim Tairou, 46 yaşlı Kamal El Hadji Dani, 31 yaşlı Mina Pebenito və 34 yaşlı Şaibu Kolidir.
Bildirilir ki, oğurlanmış avtomobillərin tapılması və dəstə üzvlərinin aşkarlanması prosesi “Mamba layihəsi” adlandırılan layihənin tərkib hissəsidir və York Regional Polisinin Avtomobil Yük Oğurluğu Bölməsi, Kanada Sərhəd Xidmətləri Agentliyi, həmçininKapital Assosiasiyası tərəfindən həyata keçirilir.
Qeyd olunur ki, xaricə göndərilən oğurlanmış avtomobillərlə bağlı artan problem fevralın 8-də keçiriləcək milli sammitdə müzakirə olunacaq. İclasda mütəşəkkil cinayətkarlıqla əlaqəli avtomobil oğurluqlarının qarşısının alınması məqsədi ilə əyalət və sənaye rəsmiləri bir araya gələcək.
Qeyd edək ki, Kanada mətbuatı polisin yaydığı rəsmi statistikaya istinadla yazır ki, Böyük Toronto adlanan ərazidə 2015-ci ildən bəri avtomobil qaçırma halları 300 faiz artıb.
Bölməyə aid digər xəbərlər