15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
“Gəldi, 164 mini götürüb getdi”

“Gəldi, 164 mini götürüb getdi”
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə istintaqı davam edir.

GununNebzi.az
qafqazinfo -ya istinadən xəbər verir ki, içində nazirliyin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədovun da olduğu 4 nəfərlik dəstənin işinə Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baxılır.

Bu iş üzrə müttəhim kürsüsündə general Məmmədovdan əlavə Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsi rəisi Vüsal Əlizadə əyləşir. Onlar digərləri ilə əlbir olaraq milyonlarla dövlət vəsaitinin mənimsənilməsində təqsirləndirilirlər.

Bununla ardıcıl bir neçə prosesdir ki, şahid qismində müxtəlif hərbi hissələrin maliyyə-xidmət rəisləri ifadə verirlər. İstintaq orqanında davam edən cinayət işi üzrə baş leytenant, kapitan kimi rütbələrlə xidmət edən qeyd olunan rəislərin özlərinin də mənimsəmə faktları sübuta yetirilib. Qanunvericiliyin tələbinə uyğun olaraq dövlətə dəymiş ziyanın ödənilməsini davam etdirən maliyyə xidmət rəislərinin işlərinə davam etmələrinə şərait yaradılıb. Maliyyə Nazirliyinin yoxlaması ilə müəyyən edilmiş mənimsənilmə vəsaitlərini büdcəyə ödəmədən yayınanların işləri isə ayrılaraq məhkəməyə göndərilməklə davam edir.

Şahid Yaşar Rzayev cinayət baş verən dövrdə hərbi hissələrdən birində maliyyə-xidmət rəisi işləyib. Rzayev deyir ki, onun işlədiyi hərbi hissədə də təftiş vaxtı mənimsəmə faktı aşkar edilib. O etiraf edir ki, xidməti dövründə şəxsən maliyyə pozuntularına yol verib. Qanun pozuntuları nəticəsində şəxsən özünə 280 min 685 manat qalıb. Rzayev dövlətə dəymiş ziyanın öz üzərinə düşəninin bir hissəsini ödədiyini deyib.

Şahidin bildirdiyinə görə, işlədiyi hərbi hissədə təftişə rəhbərlik edənlərdən biri - Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi sabiq rəisi Rafail Xələfova şəxsən 164 min manat pul verib: “Hərbi hissədə 4 dəfə təftiş olub. Onlardan birinə Rafail Xələfov rəhbərlik edirdi. Yoxlanışdan sonra külli miqdarda mənimsəmə faktı ortaya çıxdı. Buna görə Xələfova 164 min manat verdim, gəldi 164 mini götürdü getdi. Ümumilikdə isə 4 ildə təftişçilərə 963 min manat vermişəm. Sonradan nazirliyin Maliyyə-Büdcə İdarəsinə planlaşdırma şöbəsinin rəisi təyin edildim. Orada işim sadəcə şəxsi heyətin iş planını müəyyən etməkdən ibarət olub”.

Müttəhim Nizami Məmmədov şahidin ifadəsinə münasibət bildirərkən məlum olub ki, Yaşar Rzayev elə onun kadrı olub: “Bunu mən hərbi hissəyə maliyyə xidmətinə rəis göndərmişəm. Bir neçə il sonra dedi ki, rəis təqaüdə çıxacağam, məni yüksək vəzifəyə gətir, xidmətim bitəndən sonra pensiyam yüksək olsun. Onu idarədə planlaşdırma şöbəsinə gətirdim. Sonra məlum olub ki, 2017-ci ildə Rafail Xələfov yoxlama aparıb, bu da mənə bir söz deməyib. Belə çıxır ki, Rafail Xələfovla birləşib iş görüblər. Yadıma gəlir, Xələfov bunu çox tərifələyirdi, deyirdi yaxşı işçidir, belələrini qabağa çəkmək lazımdır ki, yaxşı işçilərlə bağlı and içməyə yerimiz olsun. İndi aydın görünür ki, Rafaillə əlbir olub işlər görüblər. Bir dəfə də olsun, mənə deməyib ki, Rafail qanunsuz işlər görür. Desəydi, tədbir görərdim.”
N saylı hərbi hissədə maliyyə-xidmət rəisi işləmiş şahid Samir Həmidov ifadəsində bilinməyən plastik kartlara vəsait köçürüldüyünü, həmin pulun da mənimsənildiyini deyib. Şahidin sözlərinə görə, mövcud olmayan 26 nəfərin adına əməkhaqqı kartı açılıb.

Prokuror Fuad Musayev “Bilinməyən kartlar nə deməkdir, şəxsiyyət vəsiqəsi olmadan bank plastik kart verə bilərmi?”, - sualı ilə general Məmmədova müraciət edib.

General mövcud olmayan adamların adına plastik kart açılmasının mümkünsüz olduğunu deyib: “Bu, uydurmadır. Şəxsi heyətlə bağlı hərbi hissə komandiri tərəfindən banka siyahı təqdim edilib. Şəxsiyyət vəsiqəsi ilə əməkhaqqı kartı açılıb”.

Təqsirləndirilən Cəlal Kazımovun eyni suala cavabından isə aydın olub ki, 2013-cü ilə kimi əməkhaqqı kartları banka hərbi vəzifə kartını təqdim etməklə açılıb: “2013-cü ildən sonra isə hərbçilərə şəxsiyyət vəsiqələrini özlərində saxlamağa icazə verməyə başladılar. O vaxtdan da hərbçilərin əməkhaqqı kartlarının alınması üçün banklara şəxsiyyət vəsiqələri təqdim olunub”.

Prosesin davamında şahid qismində başqa bir hərbi hissədə maliyyə-xidmət rəisi işləmiş Əli Qədirli ifadə verib. Şahidin dediyinə görə, onun əməli nəticəsində dövlətə 400 min manat ziyan dəyib. Hazırda həmin vəsaitin 50 min manatını ödəyib.

Şahid qismində dindirilən Sahil Mehdizadə də oxşar ifadə verib. Mehdizadənin ifadəsində ziddiyətli məqam ondan ibarətdir ki, o, ifadəsində mənimsəmə kimi qeyd edilən müəyyən miqdarda vəsaitin çağırışçılara ödənildiyini deyib. Amma istintaqda həmin vəsaitin mənimsənildiyi qeyd edilən akta qol çəkib, təsdiq edib.

Vəkil Mirmehdizadə bunun səbəbini öyrənmək məqsədilə bir neçə cəhd etsə də, cavab ala bilməyib.

Proses yanvarın 26-da davam edəcək.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.


Tarix: 23-01-2024, 16:02 Oxunub: 0


Bölməyə aid digər xəbərlər