Tovuz rayonu Rəhimli kəndində yerləşən qəbiristanlıqda silahlı insident baş verib.
GununNebzi.az-ın pravda -a istinadən məlumatına görə, kənd sakini, 1982-ci il təvəllüdlü Qədir Qədirov sərxoş halda qəbiristanlığa gedərək oradakı daş sexinin əməkdaşına məxsus “Mercedes” markalı avtomobili atəşə tutub. Nəticədə avtomobilə 1605 manat dəyərində ziyan dəyib.
Q.Qədirov saxlanılıb. Ondan “Vinçestr” tipli, 12 mm kalibrli, “Escort” modelli yivsiz odlu ov silahı götürülüb.
Araşdırmalar zamanı məlum olub ki, bir neçə ay əvvəl Qədirin atası vəfat edib.
O, Nizaməddin adlı ustaya atasının məzarı üçün başdaşı sifariş verib. Usta ona 40 mərasiminədək daşı təhvil verəcəyini bildirib. 40 günün tamam olmasına 5 gün qalmış Qədir sərxoş halda ustaya zəng edib və daşı yerinə qoymasını tələb edib. O, daha sonra silah götürərək qəbiristanlığa gedib və Nizaməddinə məxsus olduğunu düşündüyü avtomobilə 2 dəfə atəş açıb.
Sonradan məlum olub ki, avtomobil başqa ustaya məxsus imiş.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Rayon məhkəməsinin 18.01.2024-cü il tarixli hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bölməyə aid digər xəbərlər