Azərbaycanın İrandakı səfirliyində terror aktı törədən şəxsin ilk məhkəmə iclası bu gün keçiriləcək.
GununNebzi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İrandakı səfirliyimizə hücumla bağlı yaydığı bəyanatda bildirilib.
Diqqətə çatdırılıb ki, terror hücumu nəticəsində səfirliyin bir əməkdaşı həlak olub, digər iki əməldaşı isə müxtəlif bədən xəsarətləri alaraq ağır yaralanıb. Hücumdan sonra insanların həyat və təhlükəsizliyinə yaranmış ciddi risk vəziyyəti nəzərə alınaraq, səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi həyata keçirilib.
“Terror hücumu ilə bağlı Azərbaycanla İran arasında yaranmış vəziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi istiqamətində son bir il ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında mütəmadi təmaslar davam etdirilib, Azərbaycan tərəfinin gözləntiləri qarşı tərəfə çatdırılıb. İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırıb, uzun müddət aparılmış prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclasını 27 yanvar 2024-cü il tarixinə təyin edib.
Səfirliyə qarşı törədilmiş terror aktının birinci ildönümündə şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir, bu hücumu bir daha qətiyyətlə pisləyir, günahkarların öz layiqli cəzalarına çatmaları və gələcəkdə bu qəbildən əməllərin qarşısının alınması istiqamətində İran tərəfindən tezliklə nəticəyönümlü addımların atılacağını gözləyirik”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, ötən il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadədir. Terror aktı nəticəsində mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər isə yaralanıb.
Bölməyə aid digər xəbərlər