Astara Rayon Məhkəməsində dələduzluq və vəzifə saxtakarlığında təqsirləndirilən Tahir Kərimovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
GununNebzi.az-ın Pravda.az-a istinadən məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunub və Tahir Kərimov dərhal məhkəmə iclas zalından həbs edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Tahir Kərimov lombard təşkilatlarından (ASC) birinin Astara rayon filialı üzrə menecer (filial müdiri) vəzifəsində çalışıb. O, işlədiyi müddət ərzində xeyli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib.
Belə ki, filial müdiri 2022-ci ildə 3 zərərçəkmişin lombarda girov qoyub kredit götürmək üçün verdiyi ümumilikdə 31 481 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirərək şəxsi ehtiyaclarına xərcləyib.
Daha sonra Tahir Kərimovun barəsində Cinayət Məcəlləsinin dələduzluq və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanılıb.
Bölməyə aid digər xəbərlər