Barəsində hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olmuş iş adamı, 1959-cu il təvəllüdlü Sənan Ağamirov həbs edilib.
GununNebzi.az-ın qafqazinfo -ya istinadən məlumata görə, barəsində bir neçə gün əvvəl cinayət işi açılan S.Ağamirov haqda Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Belə ki, bir müddət əvvəl 10 nəfərə yaxın şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək Sənan Ağamirovun onları aldadaraq xeyli məbləğdə pullarını ələ keçirməsini bildirmişdi. Həmin şəxslər Koreyadan aldıqları avtomobillərin Azərbaycana gətirilməsi ilə bağlı ona xeyli məbləğdə daşınma xərci və xidməthaqqı ödədiklərini deyiblər. Lakin avtomobillər Gürcüstanın Poti limanına kimi gətirilsə də, sonradan Azərbaycana göndərilməyib və maşınlar orada qalıb.
Bundan başqa, daha bir şikayətçi – E.Abbasov da S.Ağamirovun ondan Koreyadan maşın alıb gətirmək adı ilə 93 500 manat alması barədə şikayət ərizəsi yazıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bölməyə aid digər xəbərlər