Türkiyədə 1997-ci ildə baş verən postmodern çevrilişdə (“28 Fevral prosesi”) iştirak etməkdə təqsirli bilinərək həbs edilən yüksəkvəzifəli 14 nəfər əfv edilib.
GununNebzi.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qərar imzalayıb.
Bildirilir ki, sözügedən şəxslər yaşlarının çox olması və xroniki xəstəlikləri nəzərə alınaraq əfv edilib.
Onlar arasında keçmiş generallar Çevik Bir, Çetin Doğan, Erol Özkasnak, Fevzi Türkeri, Yıldırım Türker, Cevat Temel Özkaynak və Aydan Erol da var.
Xatırladaq ki, Türkiyədə postmodern çevrilişi və ya 28 Fevral prosesi Nəcməddin Ərbakanın Baş nazir, Tansu Çillərin isə Baş nazirin birinci müavini - xarici işlər naziri olduğu dövrdə - 1997-ci il fevralın 28-i başlayan ordu və bürokratiya mərkəzli çevriliş prosesidir. Proses Ərbakanın istefası və 54-cü Türkiyə Nazirlər Kabineti olan REFAHYOL Hökumətinin dağılması ilə nəticələnib.
Məsələ ilə bağlı iş 2012-ci ildə başladılıb. Nəticədə 103 nəfərə qarşı Türkiyə hökumətini zorakılıq yolu ilə devirməyə cəhd etməklə bağlı ittiham irəli sürülüb. Həmin şəxslər arasında general və admirallar da olub. Ərbakanın devrilməsinin planlaşdırılmasında iştirak edən Çevik Bir və digər 30 hərbçi saxlanılaraq məhkəmənin qərarı ilə müxtəlif müddətlərə həbs cəzasına məhkum ediliblər.
Bölməyə aid digər xəbərlər