Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə cinayəti ilə bağlı məhkəmə araşdırması davam edir.
Xüsusilə külli miqdarda ziyan vurmaya görə mühakimə edilənlərdən 4 nəfərin - Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin sabiq rəisi Vüsal Əlizadənin işinə birlikdə baxılır.
GununNebzi.az-ın qafqazinfo -ya istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda iki zabit şahid qismində ifadə verib.
Sözügedən şahidlərdən biri polkovnik-leytenant Emin Poladovdur. Poladov 2015-2020-ci illərdə Cəmşid Naxçıvanski adına Ali Hərbi Məktəbdə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, Baş Klinik Hərbi Hospitalda və son olaraq “N” saylı hərbi hissədə maliyyə xidmət rəisi işləyib. Hazırda ehtiyatda olan E. Poladov özü də 143 milyonluq mənimsəmə cinayətinin iştirakçılarındandır.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan istintaqla müəyyən edilib ki, onun tərəfindən dövlətə 2 milyon 621 manat ziyan vurulub. Bu günə kimi isə ziyanın 525 min manatını ödəyib.
Şahid hakim qarşısında da təqsirini boynuna alıb. Dəymiş ziyanı da yaxın vaxtlarda ödəyəcəyinə söz verib. Şahidə bu məsələ ilə bağlı xəbərdarlıq edilib və ziyanı ödəməyənlərin barəsində istintaq orqanı tərəfindən qətimkan tədbirinin seçiləcəyi diqqətə çatdırılıb.
Prosesin davamında “N” saylı hərbi hissədə hələ də maliyyə xidmət rəisi işləyən Elşən Salamov dindirilib. Mənimsənilən 143 milyon manatın 1 milyon 573 mini Salamovun ayağına yazılıb. 3 il ərzində isə istintaq orqanının depozit hesabına cəmi 261 min manat ödəyib. Prokuror şahiddən ödənişi gecikdirməsinin səbəbini soruşub.
“Yaxın vaxtlarda ödəməni davam etdirməyə çalışacam”, - şahid deyib.
Proses gələn həftə davam edəcək.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti 2022-ci ildə Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib.
Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bölməyə aid digər xəbərlər