2020-ci ilin sentyabr ayının sonu ilə müqayisədə oktyabr ayında fiziki şəxslərin (əhalinin) banklardakı müddətli əmanətləri (depozitləri) 20 milyon manat azalıb.
Mərkəzi Bankın "Bank sektorunun icmal balansı" statistikasına istinadən xəbər verir ki, sentyabrın sonunda müddətli əmanətlər 4 milyard 894 milyon 700 min manat ikən oktyabr ayının sonunda 4 milyard 874 milyon 700 min manat təşkil edib.
Oktyabr ayında fiziki şəxslərin tələbli əmanətləri isə 64,7 milyon manat artaraq 2 milyard 886 milyon manata yüksəlib.
Tələbli əmanətlərin artması ilə əlaqədar olaraq oktyabrda fiziki şəxslərin cəmi depozitləri 44,7 milyon manat artaraq 7 milyard 760 milyon 700 min manata çatıb.
Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin müddətli əmanətləri 784 milyon manat, cəmi əmanətlər isə 747,3 milyon manat azdır. Cari ilin 10 ərzində tələbli əmanətlər isə 36,7 milyon manat artıb. Belə ki, 31 dekabr 2019-cu il tarixində fiziki şəxslərin cəmi depozitləri milyard 508 milyon manat, o cümlədən müddətli depozitlər 5 milyard 658 milyon 700 min manat, tələbli depozitlər 2 milyard 849 milyon 300 min manat təşkil edib.
Mərkəzi Bankın "Fiziki şəxslərin əmanətlərinin strukturu” başlıqlı statistikasına görə də, 2020-ci ilin oktyabr ayında fiziki şəxslərin müddətli əmanətləri 19,2 milyon manat azalaraq sentyabr ayının sonundakı 4 milyard 911 milyon 800 min manatdan 4 milyard 892 milyon 600 min manata geriləyib.
Oktyabrda cari hesablar isə 55,3 milyon manat artaraq 2 milyard 922 milyon 400 min manatdan 2 milyard 977 milyon 600 min manata yüksəlib. Cari hesabların artması ilə əlaqədar olaraq fiziki şəxslərin (əhalinin) cəmi əmanətləri 36,1 milyon manata artaraq oktyabr ayının sonunda 7 milyard 870 milyon 300 min manata çatıb.
Pandemiya müddətində ümumən əmanətlərin həcminin azalmasının səbəbləri anlaşılan olsa da, Mərkəzi Bankın statistikasında yer alan bir məqam diqqət çəkir.
Nəyə görə müddətli əmanətlərin həcmi azaldığı halda tələbli əmanətlərin həcmi artıb?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, müddətli əmanətlərin həcminin azalması təəccüblü deyil:
"Pandemiya və müharibə şəraitində insanların gəlirləri azaldığı halda onlar yığdıqları puldan istifadə edirlər. Bu məqsədlə də banka qoyulan, o cümlədən də müəyyən müddət üçün qoyulan əmanətləri çıxarırlar. Bu tendensiya yalnız Azərbaycanda deyil, pandemiyaya görə dünyada əmanətçilər azalıb. Amma tələbli əmanətlərin həcminin artması bir qədər təəccüblüdür.
Ola bilər ki, həmin əmanətlər müddətli əmanətlərin tələbli formaya keçməsi vasitəsilə yaranıb. Məsələn, vətəndaş ötən ilin oktyabrında bir illik əmanət qoyub və bu ilin oktyabrında müddət bitib və həmin əmanət çıxarmayıb. Müqavilənin şərtlərinə görə müddət uzadılmayıb və o tələbli əmanət formasına keçib”.
Əkrəm Həsənov deyir ki, tələbli əmanət qoyulduğu halda vətəndaş istədiyi vaxt onu çıxarmaq hüququna malikdir:
"Vətəndaşın əməkhaqqı, pensiya kartında olan vəsaitlər də tələbli əmanət sayılır. Həm də ola bilər ki, bu müddət ərzində kiminsə, məsələn, döyüşçünün əməkhaqqı kartına vəsait ödənilib, o isə cəbhədə olduğu üçün bunu götürməyib. Və ya pandemiya ilə əlaqədar olaraq sosial müavinət ödənilib, vətəndaş isə bunu götürməyib”.
Hüquqşünas bir məqamı da xatırlatdı:
"Dekabrın 4-də əmanətlərin tam sığortalanması haqqında olan qanunun müddəti bitir. Bu qanun 2016-cı ilin 4 martından 3 illik qüvvədə idi. Ötən ilin 4 martında bir illik və bu ilin aprelində dekabrın 4-dək müddət uzadıldı. Qanunun müddəti uzadılmasa, hər kəsin bankda yalnız 30 min manatadək vəsaiti qorunan olacaq, qalan hissəsi isə yox. Buna görə də insanlarda panika yarana və onlar müddətli deyil, tələbli vəsait saxlamağa üstünlük verə bilərlər ki, istədikləri zaman – məsələn, 4 dekabradək onu çıxarda bilsinlər. Yaxşı olardı ki, dövlət artıq 4 dekabrda müddətin uzadılıb-uzadılmayacağı haqda qərar versin”.
Bölməyə aid digər xəbərlər