02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Üzeyir Hacıbəyovun anım günüdür

Üzeyir Hacıbəyovun anım günüdürÜzeyir Hacıbəyovun anım günüdür
Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operanın banisi Üzeyir Hacıbəyovun vəfat etməsindən 72 il ötür.


Sənətkar 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub.

O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyov Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub.

1905-1907-ci illər inqilabı ərəfəsində Rusiyadan Bakıya gəlib, Bibiheybətdə, sonra isə “Səadət” məktəbində dərs deyib. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində “Hesab məsələləri” və “Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti”ni nəşr etdirib.

1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya gedib, Moskva Filarmoniya Cəmiyyəti nəzdində Aleksandr İlyinskinin (1859-1920) xüsusi musiqi kursunda təhsil alıb. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar “İqbal” qəzetində dərc olunub.

Maddi ehtiyac səbəbindən Hacıbəyov Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur olub. Bəstəkar Bakıya qayıdır və burada yaradıcılıq fəaliyyətini davam etdirərək, yazdığı operaları səhnəyə qoymaqla məşğul olur.

Dahi bəstəkar bədii yaradıcılığa publisistika ilə başlayıb. O, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və başqa başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” kimi gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürləri ilə çıxış edib.

1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasının qoyulması da Ü.Hacıbəyovun adı ilə bağlıdır. Operanın librettosu Füzulinin eyniadlı poeması əsasında yazılır.

Ü.Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşudbanu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazıb.

O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazıb). Onun “Ər və arvad” (1909, ilk tamaşası: 1910), “O olmasın, bu olsun” (1910, ilk tamaşası: 1911), “Arşın mal alan” (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.

Ü.Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq Konservatoriyasında oxuyub.

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Ü.Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir.

Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək, bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər ərsəyə gətirib.

O, 1948-ci ilin 23 noyabrında, 63 yaşında vəfat edib.

Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən sayılır.

Qeyd edək ki, Üzeyir Hacıbəyovun doğum günü uzun illərdir Azərbaycanda Milli Musiqi günü kimi qeyd olunur.


Tarix: 23-11-2020, 13:14 Oxunub: 192


Bölməyə aid digər xəbərlər