15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
İlham Əliyev və Mehriban Əliyeva Ramiz Məmmədovun vəfatı ilə bağlı nekroloq imzaladılar

İlham Əliyev və Mehriban Əliyeva Ramiz Məmmədovun vəfatı ilə bağlı nekroloq imzaladılar

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Coğrafiya sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Mahmud oğlu Məmmədov 2021-ci il iyunun 7-də ömrünün yetmiş ikinci ilində vəfat edib.

Ramiz Məmmədov 1950-ci il fevral ayının 4-də Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1967–1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində ali təhsil alıb, 1974–1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda təcrübə keçib və 1977–1980-ci illərdə həmin İnstitutun aspiranturasında oxuyub.

Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Elmi Tədqiqat Stansiyasında kiçik elmi işçi kimi başlayan Ramiz Məmmədov 1980–1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində laboratoriya və şöbə müdiri vəzifələrində çalışıb, 1986–1991-ci illərdə elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Geologiya və Coğrafiya institutlarında davam etdirib, 1991-ci ildən Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995-ci ildən isə həmin İnstitutun elmi işlər üzrə direktor müavini işləyib. O, 2012-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru olub.

Ramiz Məmmədov 1980-ci ildə okeanologiya ixtisası üzrə namizədlik, 1996-cı ildə hidrologiya, su ehtiyatları və hidrokimya ixtisası üzrə doktorluq dissertasiyaları müdafiə edib. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

Akademik Ramiz Məmmədovun tədqiqatlarının əsas istiqamətlərini Xəzər dənizinin aktual problemləri – iqlim dəyişmələrinin Xəzər dənizinə təsiri, habelə Xəzərin geofizikası və ekocoğrafiyası məsələləri təşkil edib. Coğrafiyaşünas-alim, həmçinin Azərbaycanda səhralaşma prosesinin, landşaft planlaşdırılması və ətraf mühitin mühafizəsi problemlərinin əhatəli öyrənilməsinə xüsusi diqqət yetirib.

Ramiz Məmmədov ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən və elmi ictimaiyyət tərəfindən maraqla qarşılanan 300-dək elmi əsərin müəllifidir. Məhsuldar elmi fəaliyyətlə yanaşı, yüksək ixtisaslı kadrların yetişdirilməsi işinə böyük qüvvə sərf edən alimin rəhbərliyi ilə coğrafiya sahəsində 20-yə yaxın fəlsəfə və elmlər doktoru hazırlanıb. Ramiz Məmmədov bir sıra beynəlxalq ekspedisiyaların iştirakçısı olub, mötəbər konfrans və simpoziumlardakı çoxsaylı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib.

Akademik Ramiz Məmmədovun səmərəli elmi və elmi-təşkilati fəaliyyəti yüksək qiymətləndirilib. O, 2016-cı ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş, 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və səmimi insan Ramiz Mahmud oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Ramiz Mehdiyev

Akif Əlizadə

İbrahim Quliyev

Arif Həşimov

Rasim Əliquliyev

Tarix: 7-06-2021, 18:20 Oxunub: 163


Bölməyə aid digər xəbərlər
16-12-2020, 18:49 Prezident nekroloq İMZALADI