02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Prezident xanımı ilə Kəlbəcərdə açılışlarda iştirak etdi - Yenilənib

Prezident xanımı ilə Kəlbəcərdə açılışlarda iştirak etdi - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər ediblər.

GununNebzi.az
xəbər verir ki, dövlət başçısı və birinci xanım “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat verilib.

Dövlət başçısı “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

***

Dövlət başçısı və birinci xanım “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 MVA gücündə olan “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya stansiyada görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Kəlbəcər rayonunun ərazisindən keçən bol sulu Tərtər çayı üzərində yerləşən “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası “AzərEnerji” tərəfindən tamamilə yenidən qurulub. Ərazini tərk edən düşmən tərəfindən tamamilə dağıdılan bu stansiyada bütün avadanlıq və yararlı hissələr sökülərək daşınıb, daşınması mümkün olmayan hissələr isə məhv edilib. İşğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq, əsasən “AzərEnerji” tərəfindən su elektrik stansiyasının baş suqəbuledici qurğusu, 6 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı, iki müasir ekoturbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün uzunluğu 6 kilometr olan 6 kV-luq kabel xətti çəkilib və eyni zamanda, optik kabel xətti ilə də əlaqələndirilib. Ərazidə fors-major hallar üçün ehtiyat dizel generatoru da quraşdırılıb.

Dövlət başçısı “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasını işə salıb.

Qeyd edilib ki, “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası enerjisistemə tam inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulub. Stansiyada il ərzində 15,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.

***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar.

Azərbaycan Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Ətraflı

Bildirilib ki, Kəlbəcər “İstisu” mineral sudoldurma zavodu 1981-ci ildə inşa edilib. Zavod 1991-ci ilin sonlarında fəaliyyətini dayandırıb. Yeni tikiləcək “İstisu” zavodu 7,8 min kvadratmetr ərazini əhatə edəcək. Müəssisədə ikinövbəli əsasda təxminən 100 nəfər işlə təmin olunacaq. Zavodda Almaniya şirkəti tərəfindən təchiz olunan şüşə və plastik qablaşdırma istehsal xətləri fəaliyyət göstərəcək. Şüşə dolum xəttinin nominal gücü saatda 16 min, plastik dolum xəttinin nominal gücü isə saatda 8 min ədəd təşkil edəcək. Aylıq istehsal gücü isə 8 milyon ədədə yaxın olacaq.

“İstisu” Müalicə-İstirahət Kompleksinin layihəsi barədə məlumat verilərkən bildirildi ki, 1927-ci ildə fəaliyyətə başlayan bu sanatoriya keçmiş Azərbaycan SSR-də müttəfiq əhəmiyyətli ikinci böyük kurort hesab edilirdi. Kompleksin ərazisində üç yataq korpusu, bir müalicəvi vanna xidməti binası, bir poliklinika korpusu fəaliyyət göstərirdi. Sovet dönəmində bu kurort-sanatoriya kompleksi ildə 50 min nəfəri qəbul etmək imkanına malik olub. Buraya əsasən həzm sistemi xəstəliklərinin müalicəsi üçün müraciətlər edilirdi.

Bərpa ediləcək “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq.

Kompleksdəki SPA Mərkəzində isə termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz otaqları, istirahət zonaları, gözəllik salonu mövcud olacaq. Burada müxtəlif iaşə obyektləri - restoranlar, uşaq əyləncə mərkəzi, oyun otağı, sportskafe, karaoke otağı, kafeteriya da qonaqlara xidmət göstərəcək.

Qeyd olundu ki, “Aşağı İstisu” mənbəyindən alman mütəxəssislər tərəfindən nümunələr götürülüb, suyun analizi və testi həyata keçirilib. Aparılan analizlər və balneoloji rəylərə əsasən, İstisu təbii mineral suyu fizioloji, metabolik və müalicəvi təsirlərə malikdir. Bu isə mədə-bağırsaq traktının funksional pozğunluqlarının müalicəsi və həzm funksiyasının stimullaşdırılması, yaşlılarda natrium və maye çatışmazlığının, ortostatik tənzimləmə pozğunluqlarının, sidik yollarında infeksiyaların müalicəsi, kalsium oksalat, sistin və sidik turşusu daşlarının profilaktikası və metafilaksisi, uşaqlarda və yeniyetmələrdə diş kariyesinin profilaktikası, eləcə də böyüklər üçün dəstəkləyici təsir baxımından çox faydalıdır.

***

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 25-də Kəlbəcər rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.

Dövlət başçısına stansiyalarda görülən işlər barədə məlumat verilib.

Bildirildi ki, Kəlbəcər rayonunun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub.

Qeyd edək ki, 2022-ci ilin iyununda Prezident İlham Əliyevin tikinti işlərinin gedişinə baxış keçirdiyi bu elektrik stansiyaları ən müasir avadanlıqla təchiz olunub. Ərazidə iqlim və relyefin sərt olmağına baxmayaraq, tikinti işləri cədvəldən əvvəl başa çatdırılıb.

Burada çayın 50 faiz təminatı nəzərə alınmaqla ekoloji normanın saxlanılması üçün derivasiya boruları subasardan hündür hissədə quraşdırılıb. Həmçinin sel suları nəzərə alınaraq 1750 metr mütləq yüksəklikdə yerləşən idarəolunan baş suqəbuledici qurğu tikilib, eləcə də 7 kilometr uzunluğunda derivasiya boruları yenidən çəkilib.

“Çıraq-1” və “Çıraq-2” stansiyalarının hər biri üçün maşın zalı tikilib, Avropanın aparıcı şirkətlərinin istehsalı olan müasir ekoturbinlər, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasının ərazisində yeni 110 kV-luq açıq paylayıcı qurğu inşa edilib. 35 kilometr uzunluğunda 35 kV-luq “İstisu” elektrik verilişi xətti yenidən qurularaq yeni yarımstansiyaya qoşulub, optik kabel xətti çəkilib. Bu yarımstansiya “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” Kiçik Su Elektrik stansiyalarında istehsal edilən elektrik enerjisinin ölkənin enerjisisteminə ötürülməsi üçün qovşaq funksiyasını daşıyır. Eynilə 3,6 meqavat gücündə “Çıraq-2” Su Elektrik Stansiyasının da baş suqəbuledici qurğu, 3 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada bir ədəd Avropa istehsalı olan yaşıl sertifikatlı müasir ekoturbin, generator, idarəetmə və avtomatika panelləri quraşdırılıb. “Çıraq-1” və “Çıraq-2” stansiyaları enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulub. Hər iki stansiyada ümumilikdə il ərzində 35 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunacaq.

Prezident İlham Əliyev “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarını işə salıb.

Qeyd edilib ki, “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” Kiçik Su Elektrik stansiyalarından əlavə, bu günə kimi Kəlbəcər rayonunda 4,4 meqavat gücündə “Kəlbəcər-1”, 6,3 meqavat gücündə “Qamışlı” və 3,4 meqavat gücündə “Meydan” Kiçik Su Elektrik stansiyaları yenidən qurularaq istismara verilib. Hazırda Kəlbəcər rayonunda beş yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisinə başlanılıb. Bununla da 2024-cü ilin birinci rübündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat-saat olan 10 kiçik su elektrik stansiyası mövcud olacaq.
Prezident xanımı ilə Kəlbəcərdə açılışlarda iştirak etdi - Yenilənib
Prezident xanımı ilə Kəlbəcərdə açılışlarda iştirak etdi - Yenilənib

Tarix: 25-08-2023, 21:33 Oxunub: 4


Bölməyə aid digər xəbərlər