“Müstəqil siyasət yürüdən Azərbaycan inkişaf modeli və təkmil islahatları ilə hər zaman diqqət mərkəzində olmuşdur. Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi ilk gündən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus - COVID-19 pandemiyasının geniş şəkildə insanlar arasında yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik, təxirəsalınmaz və zəruri qabaqlayıcı tədbirlər Azərbaycan modelini nümunə olaraq bir daha ortaya qoymuş oldu”. Bu fikirləri yap.org.az saytına açıqlamasında millət vəkili Kamaləddin Qafarov bildirmişdir.
K.Qafarov demişdir ki, vaxtında ölkədə xüsusi karantin rejiminin yaradılması, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi dünya ölkələrində olan faciəvi sonluqların ölkəmizdə yaşanmasının qarşısını aldı, pandemiyaya qədər dünyada qabaqcıl səhiyyə sisteminə malik olan ölkələr çətin durumda qaldı, tibbi ləvazimat, xəstəxanalarda yer çatışmazlığı, xəstələr arasında çoxsaylı ölüm halları fəlakət həddinə çatdı. Prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə koronavirusla mübarizə məqsədilə bir çox modul tipli xəstəxananın inşa edildiyini bildirən K.Qafarov bu xəstəxanaların çarpayı ehtiyatını artırmağa böyük kömək etdiyini vurğulamışdır. Ən müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalar qısa bir zamanda peşəkar həkim personalı ilə koronavirusla mübarizə üçün hazır vəziyətə gətirildi.
Millət vəkili avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışının əhalinin sağlamlığının qorunmasına yönəldiyini vurğulayaraq, bu gün ölkəmizdə COVID -19 xəstələri üçün 46 xəstəxananın fəaliyyət göstərdiyini və bütün pasiyentlərin dövlətin hesabına müalicə olunduğunu diqqətə çatdırdı. Həmin xəstəxanaların 41-i son 17 il ərzində inşa edilib. Modul tipli növbəti hospitalın açılışında tibb müəssisəsinin kollektivi ilə videoformatda görüşü zamanı Cənab Prezident çıxışında bildirdiyi kimi, əgər bu xəstəxanalar vaxtında tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik. Koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospital ən müasir standartlara cavab verir və burada koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün bütün şərait yaradılıb, müasir avadanlıqlar quraşdırılıb.
Bu gün ölkəmizdə koronavirus pandemiyasına qarşı mərhələli şəkildə təsirli tədbirlərin həyata keçirildiyini qeyd edən ən K.Qafarov vəziyyətin nəzarət altında olduğunu bildirdi: “Karantinin daha az ziyanla tətbiqi, eləcə də vətəndaşların evdə qalarkən bütün sosial xidmətlərlə təmin olunması dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarəti və qayğısı ilə həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ən çətin günlərdə dövlət-vətəndaş həmrəyliyinə ən böyük töhfəni vermiş oldu. Dövlətimizin başçısı hər bir vətəndaşın Prezidenti olduğunu bir daha sübut etdi. Ölkəmizdə epidemioloji vəziyyət dəyərləndirilir, vəziyyətə uyğun olaraq da addımlar atılır və ölkəmizdə yumşaldılma tədbirləri həyata keçirilir. Görülmüş bütün işlər bu vəziyyətdən az itkilərlə çıxmaq məqsədi daşıyır”.
“Bu gün hər bir vətəndaş mövcud dinamikanı qoruyub saxlamaqda məsuliyyətli olmalıdır” deyən millət vəkili qeyd etmişdir ki, məsuliyətsizlik, biganəlik, sanitar qaydalara əməl etməmə yoluxma sayının yenidən artmasına səbəb ola bilər: “Operativ Qərargah tərəfindən karantin qaydalarında yumşalmalar vətəndaşlarımızı arxayınlaşdırmamalı, xüsusi karantin rejiminin qaydalarına ciddi əməl edilməlidir. Cənab İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, aparılan bütün sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Millət vəkili dövlət başçısının “qanun hər kəs üçün qanundur, heç kim qanundan üstün ola bilməz” fikrini qeyd edərək karantin rejiminin qaydalarına əməl etməyin hər bir vətəndaşın borcu oduğunu bildirdi. Qeyd etdi ki, vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında eyni məsuliyyətə malikdir: “Cənab Prezidentin çıxışında söylədiyi “Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq qanun qarşısında hamı bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram” söyləməsi hər bir Azərbaycan vətəndaşını daha məsuliyyətli omağa səsləyir. Azərbaycan vətəndaşları bilməlidirlər ki, milli birlik və yüksək məsuliyyət karantin dövrünün əsas tələbidir. Çox acınacaqlı haldır ki, dəfələrlə dövlət başçısının özü belə bu məsələdə vətəndaşları məsuliyyətə dəvət etməsinə, tibbi maska taxaraq nümunə olmasına baxmayaraq, bəzi məsuliyyətsiz vətəndaşlarımız sağlamlıqlarını, eyni zamanda cəmiyyətin sağlamlığını düşünmədən təhlükəyə atırlar”.
Millət vəkili sonda onu da bildirdi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir: “Ölkəmiz, koronavirus pandemiyasından daha çox zərər çəkən ölkələrə yardımlar göstərdi. Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə etdi. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda videokonfrans formatında keçirilən Zirvə görüşü dünya siyasətçilərinin əsas mövzusuna çevrildi.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı kompleks tədbirlər öz nəticəsini verir və yaxın vaxtlarda pandemiya ilə mübarizədə daha yüksək nəticələr öz bəhrəsini verəcəkdir”.
AIA.Az
Bölməyə aid digər xəbərlər