Bu gün Azərbaycan Respublikasının Baş Naziri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranını ilk iclası keçirilib.
GununNebzi.az xəbər verir ki, İclasda Şuranın üzvləri - Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Şahmar Mövsümov və Natiq Əmirov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçiləri Emin Hüseynov və Xalid Əhədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov iştirak ediblər.
Baş Nazir Əli Əsədov Prezident İlham Əliyevə İqtisadi Şura üzvləri adından göstərdiyi yüksək etimada görə minnətdarlığını bildirib.
Qeyd edib ki, İqtisadi Şura yeni bir platforma olaraq dünya və milli iqtisadiyyat üçün mürəkkəb bir dövrdə ən çətin tapşırıqları kollegial şəkildə müzakirə etmək, ortaq məxrəcə gəlmək üçün əlverişli institutdur. İqtisadi Şuranın Prezidentin Fərmanı ilə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək üçün bütün təşkilati, iqtisadi və maliyyə imkanları var.
Bildirib ki, Prezidentin tapşırığına əsasən İqtisadi Şura iqtisadi siyasətin çərçivələrinə dair Proqram hazırlamalıdır. Dövlət investisiyalarına paralel olaraq özəl yerli və xarici investisiyaların cəlbi yeni dövr iqtisadi siyasətinin əsas istiqaməti olmalı, özəl sektorun aparıcı rolu təmin edilməli, investisiya mühitinin yaxşılaşdırılması üçün ciddi və radikal addımlar atılmalıdır.
Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavabın verilməsini təmin etmək məqsədilə cənab Prezident qarşımızda yeni vəzifələr qoymuşdur. Bunlar:
• makroiqtisadi və maliyyə sabitliyinin qorunması;
• iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlərinin formalaşdırılması;
• daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılması;
• xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlb olunması;
• qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi;
• investisiya mühitinin radikal yaxşılaşdırılması;
• ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi;
• sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi
və digər strateji vəzifələrdən ibarətdir.
Baş Nazir vurğulayıb ki, qeyd olunan vəzifələrin icrasını təmin etmək məqsədilə cənab Prezidentin Fərmanında İqtisadi Şuraya tapşırılır ki, iqtisadiyyatın bütün sahələrində, o cümlədən fiskal, monetar və maliyyə-bank sahələrində, real sektorda, özəl investisiyaların təşviq edilməsində, dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsində, sosial müdafiə sisteminin səmərəliliyinin artırılmasında, səhiyyə və təhsilin inkişafında dünyada mövcud olan uğurlu modellər əsasında təkliflər hazırlansın.
İqtisadi Şura Fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə yerli və xarici ekspertləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə bilər.
Şura üzvləri çıxış edərək Şuranın Əsasnaməsi, uzunmüddətli iş planının hazırlanması, islahatların istiqamətləri haqda fikirlərini bildirdilər.
Sonda Baş Nazir İqtisadi Şuranın üzvləri adından bildirib ki, Prezident tərəfindən qarşıya qoyulan mürəkkəb və şərəfli vəzifələrin icrası ilə əlqədar İqtisadi Şura üzərinə düşən məsuliyyəti tam dərk edir və bu istiqamətdə bütün lazımi tədbirlərin operativ şəkildə görülməsi təmin edəcək.
Iqtisadi Şura hər altı aydan bir görülmüş işlər barədə Prezidentə məruzə edəcək.
Bölməyə aid digər xəbərlər