16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
Prezident rəsmilərlə görüş keçirir - Fotolar - Yenilənib

Prezident rəsmilərlə görüş keçirir - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev Palau Prezidenti Surangel Uipps ilə görüşüb.

GununNebzi.az
xəbər verir ki, Palau Prezidenti COP29-un yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə dövlət başçısına minnətdarlığını bildirib. Qonaq qeyd edib ki, səfər çərçivəsində ölkəmizlə, mədəniyyətimizlə tanış olmaq imkanları olub. Bu görüşün Azərbaycan və Palau prezidentləri arasında yüksək səviyyədə ilk görüş olduğunu deyən Surangel Uipps bunun münasibətlərimizin inkişafına təkan verəcəyinə ümidvarlığını ifadə edib.

Palau dövlətinin başçısı Azərbaycan Prezidenti və Azərbaycanın COP29-a Sədrliyi tərəfindən kiçik ada dövlətlərinin iqlim dəyişmələrinin təsiri nəticəsində onların üzləşdiyi problemlərin əsas prioritetlərdən biri kimi müəyyən edilməsinə görə təşəkkürlərini çatdırıb. O, vurğulayıb ki, kiçik ada dövlətləri iqlim dəyişmələrinin bilavasitə təsirinə məruz qalan və ekzistensional təhlükə ilə üzləşən ölkələrdir.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə kiçik ada dövlətlərinin üzləşdiyi iqlim problemləri əsas prioritet kimi qiymətləndirilib və kiçik ada dövlətlərinin iştirakı ilə məhz bu məsələyə həsr olunmuş Zirvə Toplantısı keçirilib. Dövlət başçısı Azərbaycanın Millətlər Birliyi (Commonwealth of Nations) təşkilatı ilə birlikdə kiçik ada dövlətlərinə xüsusi yardım proqramını həyata keçirdiyini deyib. Prezident İlham Əliyev bu xüsusda təşkilat çərçivəsində Azərbaycanın kosmik imkanlarını səfərbər edərək həmin dövlətlərin üzləşdiyi iqlim problemləri barədə məlumat bazası sisteminin yaradılması məsələsini qeyd edib.

Prezidenti vurğulayıb ki, on ildən artıqdır, Paris razılaşmasının 6-cı bəndi üzrə danışıqlar aparılsa da məhz Bakıda keçirilən COP29-da bununla bağlı irəliləyiş əldə olunub. Dövlət başçısı bundan başqa İtki və Zərərə Cavab Fondunun artıq fəaliyyətə başlamasını və onun Katibliyinin müəyyən edilməsini irəliyə doğru olan atılan mühüm addımlar kimi dəyərləndirib.

Söhbət zamanı bütün dünyadan, xüsusilə də inkişaf etmiş dövlətlərdən yeni maliyyə hədəfləri ilə əlaqədar gözləntilərin olduğu qeyd edilib.

Palau Prezidenti dövlət başçısına xatirə hədiyyələri təqdim edib.

***

Azərbaycan Prezidenti İlham Əliyev Millətlər Birliyi təşkilatının (Commonwealth of Nations) Baş katibi Patrisia Canet Skotland ilə görüşüb.

Patrisia Canet Skotland COP29-un yüksək səviyyədə təşkilinə, ilk dəfə olaraq COP çərçivəsində kiçik ada dövlətləri ilə əlaqədar Zirvə toplantısının keçirilməsinə və Azərbaycanın COP Sədrliyinin prioritetləri sırasında bu dövlətlərin iqlim problemlərinin əsas istiqamətlərdən biri kimi müəyyən edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qonaq Azərbaycanla Millətlər Birliyi təşkilatı arasında qurulmuş əməkdaşlığa, ölkəmizin bu təşkilata üzv kiçik ada dövlətləri ilə bağlı maliyyə dəstəyi fonduna görə də təşəkkürünü çatdırıb.

Millətlər Birliyi təşkilatının Baş katibi, həmçinin Azərbaycanın kosmik imkanlarını səfərbər edərək Millətlər Birliyinin üzvü olan kiçik ada dövlətlərinin üzləşdiyi iqlim problemlərinin təhlil edilməsini və məlumat bazası sisteminin yaradılmasını təqdir etdiklərini deyib. O, ümumilikdə Azərbaycanın sədrliyi dövründə kiçik ada dövlətləri ilə əlaqədar çoxsaylı tədbirlərin keçirildiyini və dünyanın kosmik agentliklərinin səylərinin də səfərbər edildiyini vurğulayıb.

Patrisia Canet Skotland bundan sonra da Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan COP-a sədrliyi dövründə kiçik ada dövlətlərinin iqlim problemləri ilə bağlı onlarla əməkdaşlığı əsas istiqamətlərdən biri kimi müəyyən edib, ölkəmiz tərəfindən bununla əlaqədar Zirvə toplantısı keçirilib. Azərbaycanın Millətlər Birliyi təşkilatı ilə əməkdaşlığını davam etdirəcəyini deyən Prezident İlham Əliyev kiçik ada dövlətlərinin iqlim problemlərinin daim diqqət mərkəzində saxlanılacağını qeyd edib. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində formalaşdırılmış həmrəyliyin məhz COP sədrliyi dövründə də davam etdiriləcəyini deyib.

Söhbət zamanı Azərbaycan ilə Millətlər Birliyi təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.


Tarix: Bu gün, 13:26 Oxunub: 0


Bölməyə aid digər xəbərlər