“Ermənistan XİN-in bölgədə yaşanan son gərginlikdə guya Türkiyənin tərəf kimi iştirak etməsi ilə bağlı verdiyi açıqlamalar yalandır və təxribat xarakteri daşıyır”.
GununNebzi.az xəbər verir ki. Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın yeni təcavüz aktına cavab olaraq, beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək məqsədilə əks hücum tədbirləri həyata keçirilib:
“Hazırda da Azərbaycan tərəfi Ermənistanın davam edən hərbi təxribatlarına adekvat cavablar verir. Azərbaycan ordusu öz xalqının və torpaqlarının müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlı və güclüdür.
Türkiyənin roluna gəldikdə isə, bu ölkə bölgədə sülh və təhlükəsizliyin, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsiplərinə hörmətin təmin olunmasının tərəfdarıdır.
Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, başda BMT TŞ qətnamələri olmaqla, beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq və ədalətli şəkildə həllini dəstəkləyir.
Ermənistan silahlı qüvvələrinə məxsus Su-25 tipli döyüş təyyarəsinin guya Türkiyə silahlı qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulması ilə bağlı dezinformasiya xarakterli məlumata gəldikdə, bu kimi saxta məlumatları yayan Ermənistanın niyyəti münaqişəyə üçüncü tərəfləri cəlb etməkdir.
Görünən odur ki, Ermənistan tərəfi isə bu həqiqətə uyğun olmayan və cəfəng açıqlamaları ilə beynəlxalq ictimaiyyətin diqqətini özünün təcavüzkar siyasətindən və Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə atəşə tutaraq törətdiyi müharibə cinayətlərindən yayındırmaq məqsədini güdür”.
Bölməyə aid digər xəbərlər