“Hazırda Qarabağ bölgəsində mövcud olan coğrafi vəziyyət, əlbəttə ki, bizim imkanlarımızı qat-qat artırıb. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, kimin əlində hansı imkanlar var. Ona görə mən bir daha sözümü demək istəyirəm. İndi Ermənistanda daxili böhran hökm sürür. Bu da təbiidir. Çünki hərbi məğlubiyyət, özü də belə biabırçı məğlubiyyət, əlbəttə ki, istənilən ölkədə təlatümlərə gətirib çıxara bilər”.
GununNebzi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində deyib.
“Ona görə yəqin ki, indi bu böhran da keçəndən sonra əgər Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələrsə, biz o sağlam qüvvələrlə normal münasibətlər qurmağa hazırıq. Ancaq cəlladlarla, Azərbaycan xalqının qanını tökənlərlə bizim heç bir əlaqəmiz ola bilməz. Bunu hər kəs bilsin! Bundan sonra təbii ki, bu bölgədə Azərbaycanın imkanları genişlənəcək, o cümlədən təsir imkanları. Amma bizim imkanlarımız yalnız əməkdaşlığa hesablanıb. Bu günə qədər yaşadığımız bu bölgədə gördüyümüz bütün işlər əməkdaşlığa təkan verib. Bütün layihələrimiz - energetika, nəqliyyat, humanitar layihələrimiz əməkdaşlığı dərinləşdirir. Biz bir dənə də səhv addım atmamışıq, misal üçün qonşumuza hansısa problem yarada biləcək bir dənə də addım atmamışıq. Ona görə qonşu ölkələrlə münasibətlərimiz normaldır, yaxşıdır. Deyə bilərəm ki, bir çoxları üçün nümunə ola bilər. Ermənistanın qonşuları ilə münasibətləri necədir? Azərbaycanla belə işğal, Türkiyəyə qarşı ərazi iddiası. Rusiyaya indi, necə deyərlər, narazılıq ifadə edir. Mən bunu bilirəm ki, nə üçün İran üzərindən silahları gətirə bilməyiblər. Ona görə ki, İran bizim dost, qardaş ölkəmizdir. Ona görə ki, bizim xahişimizi nəzərə alaraq öz hava məkanını bağlayıb. Ona görə ki, istəməyib, onlar gəlib azərbaycanlıları öldürsünlər. Gürcüstana da eyni iddia irəli sürür. Çünki Gürcüstan da müharibə dövründə öz hava sahəsini bağlayıb və quru yollarla silahların daşınmasına imkan verməyib. O da istəməyib ki, vəhşi düşmən mülki vətəndaşlarımızı öldürsün. Onlar Rusiyaya qarşı iddia qaldırırlar ki, Rusiya bunlara kömək etməyib. Rusiya Prezidenti öz müsahibəsində kifayət qədər açıq və tam dəqiq məlumat verdi, öz mövqeyini bildirdi. Azərbaycan beynəlxalq hüquq tərəfindən tanınmış öz ərazisində müharibə aparırdı. Ona görə burada hansısa bir müttəfiqlik münasibətlərinin qarışmasına imkan yaradılmasından söhbət gedə bilməz. Ancaq bunlar hamıya irad tuturlar, hamıdan narazıdırlar. Belə təfəkkürlə necə yaşamaq olar?”, - ölkə başçısı söyləyib.
Bölməyə aid digər xəbərlər