“Gənclik illərimdə ata yurdum Neftçala rayonuna bacımla birgə toylara gedirdim. 17 yaşım olanda, universitetin ikinci kursunda oxuduğum zaman atam 50 yaşında infarktdan dünyasını dəyişdi. Ailəyə atam baxırdı. Atalı-analı illərim həyatımın ən “xoşbəxt” illəridir. Universitet və gündəlik xərclərimi təmin etmək üçün toylara getməyə başladım. İlk evimi də toydan qazandığım pulla aldım. Əvvəl bir, sonra iki otaq… Hamısını əziyyətimlə əldə etmişəm”.
GununNebz.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “ATV” telekanalında yayımlanan “Ulduzlu yayım” şou proqramında gənclik illərindən bəhs edərkən deyib.
Atasını itirəndən sonra həyatın çətinlikləri ilə savaşdığını bildirən sənətçi Neftçalada qadın toylarını apararaq, pul qazandığını söyləyib:
“Zərif, heç zaman əziyyət görməyən xanım həyatın qollarına atıldı. 17 yaşında şəhərdə tək-tənha idim. Ayaqda qalmağa çalışırdım. Özümə söz verdim ki, anamı gözü yaşlı qoymayacağam. O zamanlar anam da, bacım da işləyirdilər. Öz gücümlə təhsilimi başa vurdum. Yenə də hamıdan gözəl geyinib, yaxşı evdə kirayədə qalırdım. Amma heç kimin xəbəri yox idi ki, necə zəhmət və əziyyət çəkirəm. Hamı kinoteatra, gəzintilərə gedəndə, səhərə kimi Netçalada ansamblla qız toyunda çıxış edirdim”.
M.Əsədova tez-tez aldadıldığını da dilə gətirib:
“Bu illər mənə hər şey verdi. Lakin inamımı aldı. Çalışıram insanlara inanmayım, amma yenə də saflığımdan inanıram və sonda yanılıram. Başıma hər şey səmimiyyətimdən gəlir. Özümə hörmət edən insanam”.
Qeyd edək ki, Xalq artisti M.Əsədovanın Gülər adlı bir qızı var.
(Oxu.Az)
Bölməyə aid digər xəbərlər