Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.
Bakı şəhər DYP İdarəsindən bildirilib ki, yol polis əməkdaşları “Toyota” markalı, 77-EC-134 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi versə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Məhərrəmov Zirəddin Firəddin oğlu saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Z.Məhərrəmovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Z.Məhərrəmovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
Bölməyə aid digər xəbərlər