“EkoFront” vətəndaş təşəbbüsü Ekologiya və Təbii Sərvətlər Nazirliyinə meşə torpaqlarının icarəyə verilməsi prosesində şəffaflığın təmin edilməsi tələbi ilə müraciət edib.
Gununsesi.info xəbər verir ki, “EkoFront”un sosial şəbəkədə yayılan bəyanatında meşə fondu torpaqlarının aqrobağ salınması məqsədi ilə zəbt edilməsi və mövcud kolluq, seyrək meşəlik ekosistemlərin məhv edilməsindən narahatlıq ifadə edilir. 2017-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8582 hektar meşə fondu torpağını icarəyə verib.
“EkoFront” vətəndaş təşəbbüsü deputat sorğusu ilə müəyyən edib ki, meşə ərazilərinin icarəyə verilməsindən üç il ərzində 217,8 min manat və ya ildə 16 manat əldə edilib. “EkoFront” nümayəndələri ictimaiyyətə açıq bir informasiya mənbəyi yaratmağı, icarəyə götürülmüş meşə ərazilərinin yeri barədə məlumat verilməsini təklif edirlər.
“EkoFront” bildirir ki, meşə fondunun boş sahələri meşə bərpası üçün nəzərdə tutulub. Meşə fondunda aqrobağ salınması tamamilə qanunsuzdur.
2020-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsinin artırılması, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısının alınması, bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 10382 hektar meşə fondu sahələrində meşəbərpa tədbirləri həyata keçirilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verir. Görülmüş tədbirlər çərçivəsində 527,3 hektar sahədə meşə əkinləri, 121,2 hektar sahədə meşə səpinləri işləri aparılıb, 68,5 hektar sahədə meşə-bağlar, 5 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınıb və 9660 hektar sahədə təbii bərpaya kömək göstərilib. Ümumilikdə xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 21668,6 hektar təşkil edib.
Gununsesi.info
Bölməyə aid digər xəbərlər