Dünən axşam saatlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin 104/185 saylı Çağrı Mərkəzinə Nərimanov rayonundan zəng daxil olub.
Bu barədə “Azəriqaz”dan məlumat verilib.
Şikayətdə bildirilirdi ki, 6 bloklu 108 mənzilli yaşayış binasında qaz xətləri su ilə dolub: “Təəccüblü olsa da, mətbəxdə qaz sobasını açanda su gəlirdi. Sayğaclardan da su axırdı. Bizə - İctimaiyyətlə əlaqələr şöbəsinə görüntülü mesaj da göndərdilər. Əlbəttə, buna dərhal reaksiya göstərilib”.
Qurumdan bildiriblər ki, təcili hadisə yerinə əməkdaşlar cəlb olunub: “Gecə saatlarına qədər işlədilər. Fevralın 23-də hava şəraitinin kəskin dəyişəcəyini nəzərə alsaq, qaz təchizatınin bərpası bu günə saxlanıla bilməzdi. Əməkdaşlarımız sözün əsl mənasında yorulmadan çalışdılar. Hər birinə Birliyimiz adından təşəkkür edirik”.
“Azəriqaz” abonentlərdən isə xahiş edir ki, diqqətli olsunlar: “Bir balaca səhlənkarlıq, yəni bu halda su xəttinin qaz xəttinə qoşulması avadanlıqların işlək dövrünü azaldır. Bundan başqa, belə hallar uzun müddət qazsız qalmağınızla da nəticələnir”.
Bölməyə aid digər xəbərlər