20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
“Balamla bağlı çəkiliş edənlərə onun qan pulundan vermək məcburiyyətində qaldım” – ŞƏHİD ANASI - VİDEO

“Balamla bağlı çəkiliş edənlərə onun qan pulundan vermək məcburiyyətində qaldım” – ŞƏHİD ANASI - VİDEO

“Oğlum haqqında material üçün qan pulundan istifadə etmək məcburiyyətində qaldım”.

“Elməddin ən zəif yerimizdir. Onun dırnağı üçün hər şeyimizi verərik”.

“Hamı övladının tanınmasını istəyir, bundan isə sui-istifadə edirlər”.

Son günlər yerli mediada və sosial şəbəkələrdə müzakirəyə səbəb olan mövzulardan biri də Vətən Müharibəsi qəhrəmanları haqqında hazırlanan materiallarla bağlı özlərini “media təmsilçiləri” kimi təqdim edən bir qrup şəxsin şəhid ailələrindən ödəniş tələb etmələridir. Onlar əllərində şəhid ailələrinin ünvan və əlaqə nömrələri olan siyahı ilə şəhər, rayon, kənd yerlərini gəzərək 44 günlük savaşda iştirak edən qəhrəmanlarımızı tanıtmaq adı ilə müxtəlif məbləğlərdə pul tələb edirlər.

GununNebzi.az xəbər verir ki, Bu barədə Lent.az mövzu ilə bağlı araşdırma aparıb.

Vətən Müharibəsi bitdikdən sonra şəhid ailələrindən pul almaqla bağlı bir çox iddialar zaman-zaman səslənsə də, son günlər bu kimi faktların sayı artıb. Bir neçə gündür ki, sosial şəbəkələrdə bununla bağlı paylaşımlar edərək məsələni ictimailəşdirən ictimai fəal Təranə Alməmmədova saytımıza bildirib ki, iyun ayının 22-də Bum qəsəbəsindən olan Aprel şəhidi Sahil Şirinovun doğum günündə iştirak ediblər:
“Balamla bağlı çəkiliş edənlərə onun qan pulundan vermək məcburiyyətində qaldım” – ŞƏHİD ANASI - VİDEO

Təranə Alməmmədova

“Orada çəkiliş qrupuna rast gəldik. Əyninə hərbi forma geyinmiş Rübabə adlı aparıcıya açıqlama da verdim. Bir neçə gün sonra isə şəhid ailələri ilə tədbirdə qarşılaşdıq. Şəhid anası mənə dedi ki, özünü “İnform Xəbər TV”nin aparıcısı kimi təqdim edən şəxs onların evində olaraq, çəkiliş aparıb və bunun müqabilində pul istəyib. Bundan sonra isə əlaqəm olan şəhid ailələri ilə danışdım. Məlum oldu ki, onların bir neçəsindən də belə materialların hazırlanması üçün pul istənilib".

İrəli sürülən iddialarla bağlı bir neçə şəhid ailəsi ilə əlaqə saxladıq.

“Çəkiliş üçün 100 manat pul ödədik”.

Şəhid Elməddin Mustafayevin anası Könül xanım deyir bu sözləri. O bildirir ki, şəhid ailələri birgə iyunun 22-də Aprel şəhidi Sahil Şirinovun doğum günündə ailəsini ziyarət ediblər:
“Balamla bağlı çəkiliş edənlərə onun qan pulundan vermək məcburiyyətində qaldım” – ŞƏHİD ANASI - VİDEO

Şəhid Elməddin Mustafayev

“Həmin günün səhəri mənə tanımadığım nömrədən zəng gəldi və adımı, şəhid anası olub-olmamağımı soruşdular. Ondan sonra bir gün həmin nömrədən mənə yenə zəng gəldi və dedilər ki, çəkiliş aparmaq istəyirlər. Mən də bununla razılaşdım. İlk olaraq nömrə və ünvanımı haradan almaqları ilə maraqlandım. Rübabə adlı qadın dedi ki, icra hakimiyyətindən çəkiliş etmək üçün bizim ailəmizi məsləhət görüblər. Evimizdə, oğlumun uyuduğu məzarlıqda çəkiliş bitəndən sonra məndən 100 manat pul istədilər. Şəhid övladımın xətrinə razılaşdım. Yoldaşıma da dedim ki, gəl verək. Uşaq zəif yerimizdir, ondan keçə bilmədik. Pulu ödədik və gecələmək üçün bizdə qalmaq istədiyini dedi Rübabə xanım. Şəraitimiz yaxşı deyil, ona görə də bizdə qalmağı mümkün olmadı. Sonradan öyrəndim ki, şəhid Təbrizgilin ailəsinə gedərək orada qalıblar. Təbrizin həyat yoldaşı mənə zəng edib dedi ki, onlardan da pul istənilib, amma verməyiblər.

Yaranmış vəziyyət mənə çox pis etdi. Söhbət puldan getmir, balama hər şey qurbandır. Mənə təsir edən o oldu ki, 19 yaşlı şəhidin ailəsindən çəkiliş üçün pul istənilir. Axı onların sayəsində işğal altında olan torpaqlarımız bizə qayıdıb. Şəhid qanının sayəsində indi sülh içində yaşayır azərbaycanlılar. Pulum da, evim də, varlığım da balamın dırnağına qurban olsun”.

“Pul verməli olacağımızı bilsəydim, razılaşmazdım”.

Bu sözləri isə şəhid Rüstəm Atakişiyevin anası Arifə xanım deyir. O bildirir ki, çəkilişdən sonra “İnform Xəbər TV”nin aparıcısı Rübabə Vəliyeva 60 manat pul istəyib, ancaq 40 manat verib:
“Balamla bağlı çəkiliş edənlərə onun qan pulundan vermək məcburiyyətində qaldım” – ŞƏHİD ANASI - VİDEO

Şəhid Rüstəm Atakişiyev

“Həmin an üstümdə pul yox idi. Özüm 280 manat maaş alıram. Oğlumun şəhid pulu üçün verilən kartından isə çalışıram ki, heç istifadə etməyim. Mənə ağır gələn o oldu ki, məcbur qalaraq oğlumun kartından 40 manatı onun kartına köçürdüm. Ona verdiyim pul oğlumun qanının pulu oldu”.

“Hamı istəyir ki, şəhid olan övladını hər kəs tanısın, qəhrəmanlıqlarından danışsın”.

Beyləqan rayonunun Kəbirli kəndindən olan Vətən Müharibəsi qazisi Taci Abdullayev deyib bu sözləri. O bildirir ki, buna görə də bəzi şəxslər şəhid adından sui-istifadə edirlər:
“Balamla bağlı çəkiliş edənlərə onun qan pulundan vermək məcburiyyətində qaldım” – ŞƏHİD ANASI - VİDEO

Vətən Müharibəsi qazisi Taci Abdullayev

“İnform Xəbər TV”nin əməkdaşı bizim kəndimizdə olub. Azərbaycanda ən çox şəhidi olan kənd bizimdir. Bizim kənd 17 şəhid verib. Şəhid ailələri ilə danışdım. Bəlli oldu ki, onlardan çəkiliş müqabilində pul istənilib. Pulu verənlər də olub, verməyənlər də. Onlar haqqında videolar isə artıq “YouTube”da yayımlanıb”.

Sözügedən iddialarla bağlı Bakı şəhəri “Azərbaycan Nəşriyyatı”nda yerləşən “İnform Xəbər TV”nin rəhbəri Azər Kazımov və redaksiyanın işçisi, pul almaqda təqsirləndirilən Rübabə Vəliyeva ilə əlaqə saxladıq. Onların hər ikisi yayılan məlumatların şər-böhtan xarakterli olduqlarını bildirdilər.
“Balamla bağlı çəkiliş edənlərə onun qan pulundan vermək məcburiyyətində qaldım” – ŞƏHİD ANASI - VİDEO

“İnform Xəbər TV”nin rəhbəri Azər Kazımov və redaksiyanın işçisi Rübabə Vəliyeva

Qeyd edək ki, mövzu ilə bağlı xoşagəlməz hallar tək Qəbələdə, Beyləqanda yox, bir çox şəhər və rayonlarda qeydə alınıb. Bununla bağlı Bakı, Sumqayıt və digər ərazilərdə yaşayan şəhid ailələri ilə də əlaqə saxlamışıq. Onlar da zaman-zaman pul müqabilində özünü “media”, “jurnalist” adlandıraraq çəkiliş etmək istəyən fərqli şəxslərin evlərinə gəlmələrini və ya nömrələrinə zəng etdiklərini bildiriblər.

Xüsusi ilə vurğulayaq ki, bir müddət əvvəl ölkənin müxtəlif icra hakimiyyətlərindən “APA Group”a bölgə müxbirlərinin akkreditasiyası ilə bağlı müraciətlər daxil oldu. Buna səbəb isə bölgələrdə tanınmış media qurumlarının adlarının oxşarı ilə çıxış edən “reket jurnalistlər”in peyda olması və onların şəhidlər haqqında materialların hazırlanması üçün müvafiq icra orqanlarından və şəhid ailələrindən pul tələb edilməsi olub.



Tarix: 8-07-2021, 22:00 Oxunub: 285


Bölməyə aid digər xəbərlər