Ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin rejiminin qaydalarının qismən yumşaldılması cəmiyyətimizin gündəlik həyatında böyük hərəkətlilik yaratdı. Bu, bir tərəfdən bəzi iş yerlərinin açılması, sosial-iqtisadi münasibətlərin qismən canlanmasına səbəb oldusa, digər tərəfdən pandemiyanın mənfi təsirlərinin artmasına da gətirib çıxara bilər.
gununnebzi.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər:
“Əhali bilməlidir ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Ona görə də, mütləqdir ki, sərt karantin rejiminin qaydalarına əvvəlki qaydada riayət edək. Nəzərə almaq lazımdır ki, aprel ayının 26-da 28 nəfər virusa yoluxmuşdusa, 29-da bu rəqəm 49 olub. Bu yoluxma sayının artması ondan xəbər verir ki, insanlarımız karantin qaydalarına riayət etmirlər”.
“Doğrudur, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir, amma epidemioloji vəziyyət tələb edərsə, xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, indiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yəni məhdudiyyətlər götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları çoxala bilər:
“Məhdudiyyələtin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlər keçirilməməlidir, vətəndaşlar əvvəlki dövrdə olduğu kimi 2 metrlik sosial məsafə tələbinə riayət etməlidirlər. Yaşı 65-dən yuxarı olan vətəndaşlar evdən çıxmamalıdır”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, əgər karantin qaydalarına riayət etməsək, pandemiyanın ikinci dalğası başlaya bilər:
“Bu səbəbdən də xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, məsafə saxlanılması və s. kimi məsələlərə, qaydalara riayət olunması zəruridir. Əgər pandemiyanın birinci dalğasını az itki ilə başa vurduqsa, bu, dövlət rəhbərliyinin qətiyyətli qərarları və iradəsi nəticəsində oldu. Yəni, dövlət üzərinə düşəni edib və artıq insanlarımızın növbəsidir ki, pandemiyanın ikinci dalğasının başlanmasının qarşısını alaq. Buna isə dediyimiz kimi yalnız karantin qaydalarına maksimum şəkildə riayət etməklə nail ola bilərik. Həqiqətən də, biz birlikdə güclüyük. Əminəm ki, insanlarımız karantin qaydalarına riayət edəcək və xəstəliyin yenidən yayılmasını önləyəcəyik”.
Bölməyə aid digər xəbərlər