gununnebzi.az ABŞ-ın yalnız Nyu-York ştatında 100 uşaqda Kavasaki xəstəliyinə xas olan simptomlar aşkar olunub, bir neçə uşaq həlak olub.
Mütəxəssislər bunu koronavirusla əlaqələndirirlər. Uşaqların əksəriyyətində koronavirus infeksiyası və ya koronavirusa qarşı anticismlər aşkar olunub.
Həmçinin oxşar hallar Böyük Britaniya, Fransa və bir çox digər Avropa ölkələrində yaşayan uşaqlarda qeydə alınıb.
Kavasaki sindromu nədir və onu koronavirusla nə bağlayır?
Kavasaki sindromu və ya Kavasaki xəstəliyi yalnız uşaqlarda inkişaf edən kifayət qədər nadir autoimmun xəstəlikdir. Əsasən bu xəstəliyə 5 yaşına qədər uşaqlar tutulur. Oğlanlar arasında bu xəstəliyə qızlarla müqayisədə 2 dəfə çox təsadüf edilir.
Xəstəlik zamanı qan damarlarında iltihab yaranır və damarlar zədələnir. Əksər hallarda xəstəliyin simptomları çox tez yox olur və uşağın həyatı üçün təhlükə yaranmır. Lakin nadir hallarda olsa da ürək və koronar damarların çox ağır zədələnməsi baş verir ki, nəticədə uşaq həlak ola bilər. Xoşbəxtlikdən vaxtında aşkar olunduqda bu xəstəlik uğurla müalicə olunur.
Xəstəliyin səbəbi sona qədər məlum deyil. Lakin məlumdur ki, virus infeksiyaları onun inkişafına təkan verir. Hazırda mütəxəssislər bu xəstəliyin uşaqlar arasında artmasını koronavirusla əlaqələndirirlər.
Xəstəliyin simptomları:
- yüksək qızdırma
- dəridə səpkilər
- əl və ayaq pəncələrinin şışməsi, qızarması
- gözlərin qızarması və iltihablaşması
- dil və dodaqların qızarması və ağrılı olması
- boyun limfatik düyünlərinin şişməsi
- əl və ayaq barmaqlarının dərisinin soyulması.
Ağır hallarda xəstəlik yalnız xəstəxana şəraitində müalicə olunur. Müalicə zamanı insan immunoqlobulini və aspirindən istifadə olunur. Diaqnoz erkən (ilk 10 gün ərzində) qoyulduqda və müalicə vaxtında başladıqda uşaq tam sağalır. Kavasaki sindromunu ağır keçirmiş uşaq bir neçə il ərzində kardioloqun nəzarətində qalmalıdır.
Uşaqları koronavirusdan qoruyun, onlara maska taxın, əl gigiyenasına diqqət edin, insanların kütləvi toplaşdığı yerlərə aparmayın! Koronavirus çox hiyləgar infeksiyadır və onun orqanizmə olan təsiri hələ ki tam məlum deyil.
Bölməyə aid digər xəbərlər