Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni peşə və kvalifikasiya standartlarının hazırlanması prosesi davam etdirilir. Bu prosesdə beynəlxalq və yerli mütəxəssislərlə yanaşı, işəgötürənlərin iştirakına da xüsusi önəm verilir.
ƏƏSMN-dən verilən məlumata görə, peşə standartları işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur. Həmin standartlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.
Nazirlik ölkəmizin ərazisində fəaliyyət göstərən dövlət orqanları və təşkilatların, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərin, fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərə aid filial və nümayəndəliklərin nəzərinə çatdırır ki, peşə və kvalifikasiya standartlarının hazırlanması ilə bağlı öz təkliflərini verə bilərlər.
Onlar yeni peşə və kvalifikasiya standartlarının hazırlanması məqsədilə əmək bazarında ehtiyac duyulan peşələrin müəyyənləşdirilməsi və müzakirələr prosesində əməkdaşlığa dəvət edilir.
İşəgötürənlər ötən dövr ərzində hazırlanmış və hazırlanmaqda olan standartların siyahısı ilə Nazirliyin rəsmi saytındakı müvafiq altbölmədə (https://azvision.az/redirect.php?url=http://sosial.gov.az/pesestandartlari) tanış ola, zəruri hesab etdikləri peşə və kvalifikasiyalar üzrə standartların hazırlanması üçün peşələrin siyahısını 1 sentyabr 2020-ci il tarixinədək Nazirliyə təqdim edə bilərlər (e-mail: [email protected] ).
Bölməyə aid digər xəbərlər