“Respublika Perinatal Mərkəzində yanğın hadisəsindən sonra TƏBİB tərəfindən dərhal təxliyəyə başlanılıb və 60 uşaq təxliyə edilib”.
GununNebzi.az xəbər verir ki, bu barədə Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar təxliyə olunan uşaqların vəziyyətləri ilə bağlı Kliniki Tibbi Mərkəzdə keçirilən mətbuat konfransında TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov bildirib.
A. İsrafilovun sözlərinə görə, onların vəziyyəti stabildir.
O bildirib ki, uşaqlar TƏBİB tabeli 6 tibb müəssisəsinə təxliyə olunublar: “Həmin uşaqların yanıq xəsarətləri və ya tüstüdən boğulma halları yoxdur. RPM 3-cü səviyyəli doğum mərkəzidir. Buradakı uşaqlar vaxtından əvvəl doğulanlardır. Təxliyə ilə bağlı hər hansı ağırlaşma faktı yoxdur. Hazırda uşaqların vəziyyətləri stabildir. Xəstələrin vəziyyətləri tam nəzarətdədir”.
Anar İsrafilov qeyd edib ki, uşaqların təxliyə edildiyi tibb müəssisələri Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Sabunçu Xəstəxanası, Xətai Tibb Mərkəzi və Qarayev adına Klinik Uşaq Xəstəxanasıdır.
Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 yeni doğulan körpə ölüb, 3 nəfər tüstüdən zəhərlənib. Hadisə ilə bağlı cinayət işi başlanılıb.
Bölməyə aid digər xəbərlər