Xəbər verdiyimiz kimi, bir müddət əvvəl dövlət nəfinə müsadirə edilən Bakı Oksford Məktəbinin binası satışa çıxarılıb.
GununNebzi.az-ın məlumatına görə, icra məmuru tərəfindən 24.7 milyon manata satışa çıxarılan obyekti hərracda alan olmayıb.
Ötən gün 2-ci dəfə təkrar hərraca çıxarılmış qeyri-yaşayış binasına heç bir hüquqi və fiziki şəxs tərəfindən sifariş verilməyib.
Bu səbəbdən Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən bina 3-cü dəfə 10 faiz endirimlə təkrar hərraca çıxarılacaq.
Qeyri-yaşayış binası bu dəfə 22 milyon 232 min 700 manata təklif olunacaq.
Qeyd edək ki, məktəb “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilib. Məhkəmədə məlum olub ki, məktəbin tikintisi “Baku Steel Company”dən mənimsənilən vəsaitlər hesabına tikilib və kənar heç kəs məktəbin tikintisinə pul xərcləməyib.
Hökmdə deyilir ki, Məmmədovun arvadı Mehriban Məmmədovanın rəhbərlik etdiyi Bakı Oksford Məktəbi cinayət yolu ilə qazanılmış pullarla tikilib.
Bu səbəbdən dövlət nəfinə alınmalıdır. Məmmədovun ümumilikdə 70 milyonluq əmlakı müsadirə edilib. Bütün instansiya məhkəmələri bunu qanuni hesab edib.
Maraqlıdır ki, bir müddət əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva məşhur Bakı Oksford Məktəbinin tam müsadirə edilməsinə qarşı çıxıb. Belə ki, məktəbdə payı olduğunu iddia edən Əliyeva məhkəməyə üz tutub. K.Əliyeva şikayətində Bakı Oksford Məktəbinin 1/2 hissəlik payının ona məxsus olduğunu yazıb və bütün instansiyalardan keçmiş işi yenidən başlatmalarını istəyir.
Digər məlumata əsasən, keçmiş administrasiya rəhbərinin qızı ilə birgə hələ də Bakı Oksford Məktəbinin rəhbəri olan Mehriban Məmmədova da maraqlı şəxs kimi işə qoşulmaq istəyir. Hər iki xanım apellyasiya şikayəti vermək üçün birinci instansiyaya - Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət ediblər.
Hələ ki məhkəmə onların müraciətinə baxmayıb.
Qeyd edək ki, Kamilə Əliyeva keçmiş deputat İlham Əliyevin həyat yoldaşıdır. Psixologiya elmləri doktoru, professor K. Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. Vaxtaşırı mediada onun Badamdar qəsəbəsində yerləşən, əsasən imkanlı şəxslərin övladlarının təhsil aldığı Bakı Oksford Məktəbinin bir hissəsinin sahibi olduğu yazılıb
Xatırladaq ki, Rasim Məmmədov özü isə 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
(Qafqazinfo)
Bölməyə aid digər xəbərlər